
Bu gün Azərbaycan Premyer Liqasında "Şamaxı" və "Turan Tovuz" komandaları arasında keçirilməsi nəzərdə tutulan XXIV turun oyunu yayımlanmayacaq.
CBC Sport-dan Sportnet.az-a verilən məlumata görə, səbəb səhər saatlarında Bakı - Şamaxı yolunda əlverişsiz hava şəraiti ilə bağlı yaranmış ağır vəziyyət olub.
Komandalar, oyunun təşkilatçıları və digər rəsmilərin əksəriyyəti ötən gün Şamaxı şəhərinə yollanıblar. "CBC Sport" isə XXIV turun ilk iki oyun gününün qarşılaşmalarını yayımladığı üçün səfərə yalnız bu gün - fevralın 23-də səhər saatlarında yola düşməli olub. Lakin Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilməsi nəzərdə tutulan oyun saat 14:30-da baş tutmalıdır. Daha əvvəl "Turan Tovuz" klubu yayım və VAR sisteminin olmamasına görə oyunun təxirə salınması istəyi ilə PFL-ə müraciət etdiklərini açıqlayıb.