
“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi. Qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar. Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər”.
Sportnet.az xəbər verir ki, bu sözləri 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis yığmanın Avropa çempionatının II seçmə mərhələsində Albaniyada keçirdiyi oyunlarla bağlı fikirlərini bildirib: İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə qarşılaşmada komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”.
Qeyd edək ki, U-19 millisi B Liqasının IV qrupunda Şimali İrlandiya (0:4), Albaniya (0:4) və Monteneqro (1:2) yığmaları ilə mübarizə aparıb.