
Bu gün AFFA-nın inzibati binasında Region Liqasının yeni mövsümünün püşkü atılıb.
Sportnet.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın Oyun əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov yarışda iştirak üçün 56 komandanın qeydiyyatdan keçdiyini bildirib.
Onun sözlərinə görə, iki komanda püşkatmaya iki gün qalmış turnirdən imtina edib. Komandalar Mərkəz, Şimal zonası və Cənub zonasına bölünəcəklər.
Klublardan 22-nin paytaxtı təmsil etdiyini deyən Cəfərov Region Liqasının bir dövrədən ibarət olacağını diqqətə çatdırıb: "Transferlər üçün martın 7-dək vaxt verilib. 1/8 finala qədər transfer icazəsi olacaq. Daha sonra müəyyən olunmuş günlərdə pəncərə açılacaq".
AFFA rəsmisi bildirib ki, zonalar üzrə birinci yeri tutan komandalar 1/8 finalda ilk oyunlarını evdə, ikinci yeri tutanlar səfərdə oynayacaqlar. Final oyunları 20 - 25 mayda keçiriləcək.
Cəfərovun sözlərinə görə, Region Liqasında ilk 4 yeri tutan komandalar Azərbaycan II Liqasında mübarizə apara bilərlər. Bu, II Liqanın Əsasnaməsi təsdiqləndikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, AFFA Region Liqasında ilk oyunlar martın 8-9-da keçiriləcək.