
Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Kəpəz” – “Neftçi” matçı nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Sportnet.az xəbər verir ki, oyundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
– Niyə məğlub oldunuz?
– Çünki qol buraxdıq və qol vura bilmədik. Hücumçularımız “dişsiz”dirlər.
– Motivasiyanız nədir?
– Motivasiya udmaqdır. Bu gündə oyuna yaxşı başladıq. Amma sonda verilən qərarlar və keyfiyyət çatışmazlığı özünü göstərdi. Bu cür oyunlarda qol vurub rahatlaşmaq lazımdır. Bunu etməyəndə daha stresli olursan.
– Qol buraxdığınız epizodu necə şərh edərdiniz?
– Ümumiyyətlə, haradan başladı, necə bitdi baxmaq lazımdır. Yanılmıramsa, səhv Ağadadaşla başladı. Tam xatırlaya bilmirəm. Qola baxıb sonra şərh etməliyəm.
– Bu müdafiə xətti ötən mövsümdən qalıb. Sizcə də yenilənmək lazım deyil?
– Ümumiyyətlə bütün mövqelərə baxdıqda, ehtiyac var. Sadəcə, indi bu barədə danışmaq gec və yersizdir. Bəlkə də təkbətək etdiyimiz səhvləri kollektivlə sığortalamışdıq. Amma bu gün edə bilmədik. İlk hissədə Ağadadaşdan narazı qaldım. Bu gün akademiyadan çıxan uşaqlar özlərinə qarşı olan rəyi də yerə vururlar. Bu gün rəqibdə Paçu Lira var idi. Bu görünürdü. Amma bizdə hiss olunmurdu. Fasilədə də Ağaya dedim. Bir oyunçunun da üstünə düşmək istəmirəm. Ancaq ki, 1-2 epizoda girib boşa vermək… Belə bir şeylər olmamalıdır. Topu rahat vəziyyətdə itirmək olmaz. Oyundan nəticə çıxartmalıyıq.
– Yuri Matiasın müsahibəsi var idi ki, ailəsində problemləri var. Onun haqda klubun mövqeyi necədir?
– Mən məndən əvvəlki Matiası tanımırdım. İstəyərdim ki, bütün futbolçular Matias kimi olsun. Heç vaxt ailə daxili problemlərini hiss etdirməyib. Doğrusu, o müsahibədən xəbərim var. Amma Matias kimi futbolçuların bu cür istəkli oynamasına təşəkkür düşür.
– Keçən oyundan sonra qırmızı vərəqəylə bağlı İntizam Komitəsinin qərarını gözlədiyini dediniz. Amma İK oyunçunuzu 2 oyunluq cəzalandırdı. Sizcə, həmin çıxışınızın bu qərara təsiri oldu?
Mən nə demişəm ki? Mən yenə də orada qırmızı vərəqə görmürəm. Bu, mənim şəxsi fikrimdir. İnşallah ki, bunun da altından çıxacağıq.
Haşım MƏMMƏDOV, Tovuz