
"Oyunçularımız istədiyimiz oyunu göstərir və belə davam etmələrini istəyirik".
Sportnet.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Turan Tovuz"la 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis oyuna yaxşı başladıqlarını bildirib: “Rəqib azlıqda qalmamışdan əvvəl də yaxşı başlamışdıq. İstədiklərimizi futbolçular yerinə yetirirdi. Oyunda sürət və dinamika var idi. "Turan Tovuz" çoxlu oyunçu ilə müdafiə olundu və bu bizə çətinlik törətdi. İkinci hissədə daha istəkli çıxış etdik. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan, rəqibin 10 nəfərlə də, 11 nəfərlə də eyni oynadığını gördükdə, planlar olduğu kimi gedir".
Samir Abasov komandasının hədəfləri haqda söz açıb: "Premyer Liqadan əsla qopmamışıq. Həm çempionata, həm də kuboklara köklənmişik. Oyunçularımız istədiyimiz oyunu göstərir və belə davam etmələrini istəyirik. Bu gün udmaq üçün hər şeyi etdik. Daha artığını etməyimizi istəyirsinizsə, bu ani olacaq bir şey deyil".
Baş məşqçi komandasının sona qədər döyüşdüyünü vurğulayıb: "Son dəqiqədə vurulan qol biraz bizi üzdü. Çalışırıq ki, oyunun pozitiv hissələrini özümüzə götürək. Düşünürəm ki, komandam sona kimi döyüşdü. Xarakteri olmayan komanda bunu necə edə bilər? Yaxşı xarakterimiz var və daha da yaxşısını edəcəyik. “Neftçi”nin ətrafında mənfilik axtarırsınızsa, bunun sonu yoxdur. Bu komandanın oyun üslubu belədir. Bunu daha yaxşı formalaşdırmaq üçün daha kreativ oyunçulara ehtiyacımız var”.