
"AFFA İcraiyyə Komitəsinin son iclasının Tovuzda keçirilməsi nəzərdə tutulmuşdu. Ümumiyyətlə, bəzi iclasları bölgələrdə keçirmək istəyirlər. Ona görə də bizdən oyunun yerini dəyişdirməyi xahiş etmişdilər. Mən də razılıq vermişdim".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, "Qarabağ"ın "Kəpəz"lə oyununun son iki dövrədəki yerləri məhz bu səbəbdən dəyişdirilib: "Lakin son anda bizə xəbər etdilər ki, rəhbərliyin vacib işi oldu, proqramda dəyişiklik baş verdi. Nəticədə iclas Bakıda oldu. Buna görə də İcraiyyə Komitəsinin dünənki iclasında iştirak edə bilmədim. Başqa bir səbəb yox idi".
Qurbanov İcraiyyə Komitəsinin Premyer Liqaya yeni gələcək klublara 1 illik möhlət verməsi barədə qərarına belə münasibət bildirib: "Bir ildən sonra danışarıq (gülür - red.). Yəqin ki, hansısa addım atarlar. Fikirlərimi ona görə bu cür bildirirəm ki, daha da məlumatlı olasınız. Kənardan baxanda görürsən ki, düz meydandır, oyunçu düzgün zərbə vura, düzgün ötürmə verə bilmədi. O qədər xırda detallar var ki... Avrokuboklarda bizimlə oynayan komandalara baxırsan, top oyun ərzində 60 dəqiqədən az oyunda olmur. Aparıcı çempionatların qarşılaşmalarında isə bu göstərici 70 dəqiqəyə çatır. Baxın, bizi nə qədər üstələyirlər. Belə çıxır ki, Premyer Liqaya gələn komandaların problemli meydanlarında bu göstərici yarıbayarı azalacaq. Başqa nə deyə bilərəm? Əziyyət çəkməli, nəyisə əldə etmək üçün nəyisə qurban verməliyik. Gözəyəcəyik".
Baş məşqçi media önündə səsləndirdiyi məsələləri İcraiyyə Komitəsinin iclaslarında da müzakirə etdiklərini diqqətə çatdırıb: "Niyə də deyilmir ki?! Burda deyib orda deməmək kimi bir şey yoxdur. Sadəcə, yəqin ki, zaman lazımdır. Yəqin ki, vəziyyəti daha da yaxşılaşdırmaq üçün sponsorlar axtarılır. Niyə demirəm ki?! Şübhə ilə sual verməyin. İcraiyyə Komitəsi 13 nəfərdən ibarətdir. Hər bir qərar qəbul olunmamışdan əvvəl səsə qoyulur. 6:7 hesabı ilə uduzdunsa, qərar keçmir. Amma bütün fikirlər orada izah olunur, deyilir və sonda qərar qəbul edilir. Rahat olun, sizinlə danışılan fikirlərin hamısı orada da deyilir. İcraiyyə Komitəsindəkilərin cəmi ikisinin futbolun içərisində olduğu fikri düzgün yanaşma deyil. Ora seçiliblərsə, hamısının səsvermə hüququ eynidir".
Haşım MƏMMƏDOV, Tovuz