
"Samir Abasov “Sumqayıt”dan "Neftçi"yə gələndə səhvə yol verdi".
Sportnet.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və "Neftçi"nin keçmiş vitse-prezidenti Ramin Musayev deyib.
Onun fikrincə, komandanın hazırkı baş məşqçisi Samir Abasov "Sumqayıt"ı halallıqla tərk etməli idi: "Bu, təbii ki, şəxsi qərarıdır. Bəlkə də əvvəlki vəzifəmdə olsaydım, bu sözü deməzdim. Bu gün azarkeş kimi deyirəm ki, o, “Sumqayıt”dan halallıqla çıxmalı idi. "Sumqayıt" onu ilk baş məşqçi edən komandadır. “Sumqayıt”dan “Neftçi”yə gedib, ora qayıtdı. Heç oradan qayıtmamalı idi. Düşünmədi ki, oradakı rəhbərlik “Neftçi”də yoxdur, burada rəhbərlərdir. Ona görə də heç nə alınmır".
Musayevin sözlərinə görə, mövsümün sonunda Abasovu yenə eyni aqibət gözləyir: "Yüz faiz gözləyir. İstəmərəm getsin, özümüzünküdür, öz futbolçumuz olub. Amma 6-7-ci pillələr “Neftçi”yə yaraşmır. Ölkə kubokunu qazanması da bu heyətlə mümkün deyil".
Klubun sabiq vitse-prezidenti onu da bildirib ki, rəhbər şəxs bir nəfər olmayacağı müddətdə "Neftçi"nin toparlanması alınmayacaq: "İndiki rəhbərliyin kim olduğunu da bilmirəm. Maraqlı da deyil".
Qeyd edək ki, Ramin Musayev "Neftçi"də 2004 - 2008-ci illərdə vitse-prezident vəzifəsində çalışıb. Daha sonra o, 2022-ci ilədək PFL-in prezidenti olub.