
Qış transfer dövründə “Sabah” klubundan "Neftçi"yə keçən Azərbaycan millisinin futbolçusu Elvin Camalov keçmiş komanda yoldaşı Cesse Sekidikanı “instaqram” hesabında birtərəfli izləmədən çıxarıb.
Sportnet.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu addımı “Sabah” klubunun onunla bağlı bəyanatından sonra atıb.
Camalovun məhz Sekidikaya "Neftçi"yə gəlməyi təklif etdiyi bildirilir.
Ehtimallara görə, nigeriyalı legionerə etdiyi “təklif”in böyük problem yaratması Camalov üçün də gözlənilməz olub. Məsələnin ciddiləşməsindən sonra 30 yaşlı yarımmüdafiəçisi "Sabah"ın oyunçusunu izləməyi buraxıb, lakin afrikalı vingeri öz hesabından çıxarmayıb.
Qeyd edək ki, “Sabah” klubu aprelin 9-da bəyanat yayaraq sabiq futbolçusu Elvin Camalovun komandanın futbolçularından birinə “Neftçi” ilə Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunundan öncə təklif göndərdiyi, bununla da məqsədyönlü şəkildə oyunçunun fikrini yayındırdığını bildirib. Bu səbəbdən, Masazır təmsilçisi AFFA-ya şikayət ünvanlayıb, nəticədə Camalov barədə araşdırmalara başlanılıb.
Hələlik "Neftçi" klubu və Camalovun özü heç bir açıqlama verməyib (Teleqraf).