
“Neftçi” ilə oyunlarımız hər zaman fərqli ab-havada keçir. İnanıram ki, azarkeşlərimiz bu dəfə də möhtəşəm dəstəkləri ilə bizi tək qoymayacaqlar. Bizi çox yaxşı komandaya qarşı vacib oyun gözləyir”.
Bu sözləri Sportnet.az-a açıqlamasında “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir deyib.
34 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXXI turunda evdə baş tutacaq “Neftçi” ilə oyuna yüksək əhval-ruhiyyədə hazırlaşdıqlarını bildirib: “Biz bütün oyunlara qalibiyyət ovqatında yanaşırıq. Derbidə də əlimizdən gələnin ən yaxşısını edərək, qələbə qazanmağa çalışacağıq”.
Zubir mövsünün son derbisinin ardından aprelin 23-də “Araz-Naxçıvan”a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasını düşünəcəklərini qeyd edib: “Bizi kubokun həlledici görüşü gözləyir.
İlk görüşdə 0:1 hesabı ilə uduzduğumuz üçün hazırda “Araz-Naxçıvan”dan geridəyik. Amma cavab oyununda qalib gəlməyə çalışacağıq. Ümidvaram ki, sonda mərhələ adlayan tərəf biz olacağıq”.
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Neftçi” görüşü saat 20:00-da start götürəcək.