
"Baş məşqçimiz Qurban Qurbanov hər oyuna və məşqə ciddi yanaşmağımızı tələb edir. Ona görə bizim üçün çempionat, kubok və ya avrokubok oyununun fərqi yoxdur".
Bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade Azərbaycan Kubokunun 1/2 final mərhələsində evdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Sportnet.az-a açıqlamasında deyib.
32 yaşlı yarımmüdafiəçi oyunun çətin keçdiyini bildirib: "Xüsusən, ilk hissədə nə şans yarada, nə də fərqlənə bildik. İkinci hissədə isə şanslarımızdan istifadə edərək, qollarımızı vurduq və finala çıxdıq".
O, komanda yoldaşı Yassin Benzia ilə rəqibin futbolçusu Karlos Jatoba arasında insidentin yaşandığı epizod barədə söz açıb: "Son vaxtlar lehimizə verilən qərarlar rəqiblərin narazılıqları ilə qarşılanır. Səbəbini bilmirəm. Amma buna hazırıq. Fikrimcə, qərar düzgün idi. Həmin epizodda sarı vərəqə kifayət edirdi".
Andrade ikinci hissədə 3 qol vurmalarını belə şərh edib: "Futboldur, uda da, uduza da bilərsən.
Şansımıza axıra kimi inanmışıq. Baş məşqçimiz də göstəriş verdi ki, səbrli olaq. Rəqib ilk hissədə yaxşı müdafiə olunurdu. İkinci hissədə fürsətlərimizdən istifadə etdik".
Kabo-verdeli legioner baş məşqçi Qurban Qurbanovun komandadan oyunlara ciddi yanaşmağı tələb etdiyini söyləyib: "Motivasiya baxımından çətinlik çəkmirik. Çünki baş məşqçimiz hər oyunda bizdən bunu tələb edir. Bütün qarşılaşmalara maksimum hazırlaşırıq.
Demirəm ki, rəqiblərimiz hazırlaşmır, onlar da hazırlaşırlar. Əlimizdən gələni edir, hər oyuna 100 faiz motivasiya ilə çıxırıq".
O, cari mövsüm UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda səfərdə 2:1 hesabı ilə məğlub etdikləri Norveçin "Budö Qlimt" komandasının uğurları barədə söz açıb: "Əzmkarlıq olanda belə nəticələr əldə edilir.
Çox güclü komandadır, onları çox sevirəm. Bu komandaya qarşı oynamaq çətin idi. Onlara Avropa Liqasında azarkeşlik edirəm".
Andrade Ağdam təmsilçisi ilə yayda bitəcək müqaviləsi və ona yeni təkliflərin olub-olmadığı barədə danışmaq istəmədiyini də bildirib.