
"Düz eləmişəm, hələ artığını da etməli idim".
Sportnet.az xəbər verirki Bunu Teleqraf-a açıqlamasında II Liqada çıxış edən "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən ardıcıl iki dəfə 5 oyunluq cəzalanmasını şərh edərkən deyib.
O, hakimi təhqir etmədiyini bildirib: "İntizam Komitəsinin qərarlarında təhqir etdiyim yazılıb. Amma biz ailə tərbiyəsi görmüşük, kiməsə artıq söz demərik. Sadəcə, bəzən oyun zamanı emosiyaya görə adam özünü ələ ala bilmir. XXI turun "Füzuli" ilə oyununda (2:3 - red.) aldığım cəzaya görə peşman deyiləm. Çünki həmin matçda olan yan xətt hakimi ikinci hissəni bizim əlimizdən aldı. Bilmirəm, bu tapşırıqla və ya nə ilə bağlı idi. Yiyəsi olmayan komandanı düşürtmək istəyirlər".
Baş məşqçi "Şahdağ Qusar"a 1:3 hesabı ilə uduzduqları XXII tur qarşılaşmasında isə səhvini qəbul etdiyini söyləyib: "Bunu dərk edirəm. Düzdür, həmin görüşdə də hakim səhvi var idi. Hesab 1:1 idi, rəqib də bizdən açıq-aşkar üstün oynayırdı. İkili mübarizə zamanı oyunçumuz rəqib futbolçunu dartır, hakim də fitini ağzı aparır və 10 saniyəyəyə qədər bilmir nə etsin. Epizodun davamında rəqib oyunçu qapıçımızla təkbətək çıxdı. Bundan sonra isə hakim davam işarəsi verdi. Buna görə də özümü ələ ala bilmədim. Təhqir deyəndə ki, orada ciddi bir şey yox idi. Sadəcə, "şərəfiniz olsun, ləyaqətiniz olsun, bir komandanın üzərinə bu qədər gəlmək olmaz" demişəm. Amma onların oyunun protokolunda nə yazdığını bilmirəm. Mənim xarakterimdir bu, haqsızlığı götürə bilmirəm. "Şahdağ Qusar"la müqayisə olunsaq, onların bir illik büdcəsi bizim 20 illik büdcəmizdən çoxdur. Bəzi şeylər bizə təsir edir".
Hüseynov "Füzuli" ilə oyunu Azərbaycan futboluna ləkə adlandırıb: "Bu gün futbolumuzun bu vəziyyətdə olmasının əsas səbəbləri hakimlik və uşaq futboludur. "Füzuli" ilə oyunda etdiklərimdə haqlıyam, yenə olsa, beş qatını edərəm. "Şahdağ"la görüşdə isə səhvim var, özümü ələ ala bilmədim. Bu da təbiidir, çünki komandamın vəziyyəti çətindir, durumumuz bizi psixoloji gərginlikdə saxlayır".
"Ağdaş"ın baş məşqçisi komandasının liqadan mümkün düşməsi fonunda 5 oyunluq cəzalanmasının futbolçularına mümkün təsiri barədə danışıb: "Əlbəttə, baş məşqçinin yoxluğu futbolçulara təsir edir. Vəziyyət "mərdi qovub, namərd eləmək" misalı kimidir. Elə adam var ki, sakit dura bilir, amma mən haqsızlıq görən zaman özümü saxlaya bilmirəm.
"Şahdağ Qusar" çempionluğu təmin edib, "Füzuli" və "Ağdaş"ın isə II Liqadan düşmə təhlükəsi yaranıb. Amma mənim etirazım Azərbaycan futbolunu bu günə qoyanlaradır".
Onun sözlərinə görə, uşaq futbolu hakimlərinin təcrübə yeri II Liqa olmamalıdır: 2Aşağı yerdə gedən komandalar çətinliklə mübarizə aparırlar. Qərar verənlər bizim il boyu çəkdiyimiz əziyyəti bilmir. İki-üç dənə şeyi nəzəriyyə olaraq əzbərləyərək qalstuk taxanlar komandanın hansı vəziyyətdə olduğunu deyə bilməz.
Ən böyük problemlərimizdən biri də budur.
Bizim komanda düşsün, ya başqası, fərqi yoxdur. Bunlar xırda detal kimi görünə bilər, amma hər şey hakimlikdən, qərəzdən, adamına görə idarəçilikdən başlayır. Belə şeylər var, insan da özünü ələ ala bilmir. Şəxsi həyatda da problemlər olur, hamısı yığılır".
Hüseynov ardıcıl ikinci dəfə 5 oyunluq cəza almasının özü barədə qeyri-peşəkar imici yaratması fikri ilə razılaşmayıb: "Mənim yaşım az deyil, A və ya PRO kateqoriyası olandan geri qalmıram. Gözümü futbolun içində açmışam. Peşəkar səviyyədə də, yığmada da, həvəskar komandada da oynamışam. Bu gün belə bir komandanı idarə etmək hər adamın işi deyil. Kənardan baxanlar görürlər ki, bu qədər cəza alıram və düşünürlər ki, qeyri-peşəkaram. Əsla belə deyil. Həmin adamlar belə vəziyyətdə olan komandaya rəhbərlik etsinlər və onlara olacaq haqsızlığa dözə bilsələr, onda deyərəm ki, həmin adamın əqli problemi var. Danışılası çox şey var, amma dəyişiləcək heç nə yoxdur".
Baş məşqçi XIV turun "Şimal" komandası ilə ev oyununda meydanı qardan tam təmizləmədikləri üçün oyunun baş tutmamasına görə martın 4-də 0:3 hesablı texniki məğlubiyyət almalarının da ona təsir etdiyini söyləyib: "Ağdaşa on ildə bir dəfə qar yağdı. Qar yağa-yağa hər xəttə bir metr məsafəyədək təmizləmişdik, qırmızı xəttə qədər çəkmişdik. Meydanı tam təmizləməliyik deyib, bizə məğlubiyyət verən təşkilatdan nə deyə bilərəm? Yazmışdılar ki, meydanı hazır vəziyyətə gətirmək üçün 90 dəqiqə istəmişik və cəhd etməmişik. Mən vaxt istəmişəmsə, deməli, cəhd etmək üçün istəmişəm də... Hər şey yığılır və bir yerdə partlayır. Tək biz deyilik, bir neçə komanda var, onları da "vurmaq" istəyirlər. Səbəb də budur ki, klubun yiyəsi, düz-əməlli maliyyəsi və s. yoxdur. Heç bir komanda durduğu yerdə yaranmır. Çəkdiyimiz əziyyəti yerə vuran insanların ən azından övladlarının qarşısına bu gələcək".
O, "Füzuli" ilə oyunda hakimin qərəzli olduğunu vurğulayıb: "Bu oyunda tam əmin oldum ki, burada nə isə var. 1:0 hesabı ilə udurduq, ikinci topu vurduğumuz zaman 5 metrlik fərq olan yerdə ofsayd verirlər. Daha sonra qapımıza ardıcıl iki penalti təyin olunur. Həmin baş hakimə (İslam Məmmədov - red.) bilmirəm nə deyim, şərəfi olan insan belə hərəkət etməz. Adlarını da bilmirəm, baş hakimlə yan xətt hakimi idi. Planlı şəkildə ikinci hissəni verdilər rəqibə.
Futbolu izləyən adam qapımıza təyin olunan penaltilərə baxsa, haqsızlığı görəcək. 90-cı dəqiqədə hesabı bərabərləşdirmişdik, təcrübəli hakim oyunu çox uzatmamalı idi. Daha sonra cərimədən qapıçımız milyonda bir olan səhv etdi. Amma bu səhvə qədər olan hakim səhvlərinə baxmaq lazımdır.
Digər oyunlarda da hakim səhvləri olub, bunları başa düşürəm. Amma "Füzuli" ilə oyunda qərəz var idi. Bu, tək "Ağdaş"a olan şey deyil, ümumi Azərbaycan futbolunun gələcəyinə təsir edir. Sabah "Ağdaş" da, "Füzuli" də burda olar da, olmaz da, amma bu hakimlərlə Haitiyə 0:3 də uduzacağıq, 0:10 da. Belə adamları bizim futboldan təmizləməsək, inkişaf etməyimiz mümkün deyil. Son cəzaya gəldikdə, bunu qəbul edirəm. Komanda II Liqada qalsa və baş məşqçi kimi davam etsəm, aqressiv olub etiraz etməyəcəyəm. Bu gündən özümə söz vermişəm".
Baş məşqçi komandasının durumundan da danışıb: "AFFA ilə şifai olaraq danışdığımız adamlar var, amma sözdən ibarət olaraq qalıb. Rayon İcra Hakimiyyəti ilə görüşdük, forma hədiyyə etdik. Sağ olsunlar, bizi sahibkarlara yönləndirdilər. Bir ay olar ki, yüngül miqdarda yardım olunub. Növbəti iki ayda da güman edirəm ki, davam edər".
Hüseynov 2024-cü ildə çayda boğularaq dünyasını dəyişən klubun sabiq rəhbəri Rəhman Əliyevin qardaşının "Ağdaş"dan imtina etdiyini bildirib: "Məsələ ötən ilin oktyabrında həll olunub. Qardaşı onu xatırladır deyə, özünün "Ağdaş"a rəhbərlik etməsini istəmədi. Biz də komandanı mühasibin adına keçirtdik. İki ildir klubu mən idarə edirəm, amma kağız üzərində mənim adıma deyil".
Qeyd edək ki, hazırda "Ağdaş" 22 oyundan 14 xalla 14 komanda arasında 13-cü yerdə gedir. Son pillədəki "Lerik"in 13 xalı var.