
"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun finalında "Sabah" komandasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, Gözəl jurnalistlərə açıqlamasında möhtəşəm mübarizə gözlədiyini bildirib.
Onun sözlərinə görə, "Sabah" final oyununa çox ciddi hazırlaşacaq: "Rəqib doğrudan da çox ciddi komandadır, bu gün də gördük. Finalda möhtəşəm oyun gözləyirəm. Arzum budur ki, mövsümün ən gözəl oyunu, şirlərin savaşı olsun. Güman edirəm ki, bunu biz görə biləcəyik. Məncə, "Sabah" üçün final oyunu çox önənli olacaq. Çünki bu, avrokuboklara yollanmağın yeganə yoludur. Əminəm ki, bundan ötrü can qoyub, qan tökəcəklər".
Bununla belə, klub rəhbəri "Qarabağ"ın meydana "qızıl dubl" istəyi ilə çıxacağını vurğulayıb: "İnsanın təbiəti belədir ki, həmişə ən yaxşısını istəyir. Hamımız doya-doya futbola tamaşa edəcəyik".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 19:00-da başlanacaq.