
Ağdamın "Qarabağ" klubu Avstriyada ilk məşqinə çıxıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesi Azərbaycan çempionları məskunlaşdıqları otelə çatar-çatmaz baş tutub.
"Sonnek" otelinin 200 metr aralıda yerləşən meydanasına komanda üzvləri ötən gün yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) yollanıblar. Öncə baş məşqçi Qurban Qurbanov futbolçular qarşısında qısaca çıxış edib. O, hazırlıqdan maksimum yararlanmağın gərəkliyini bildirib.
90 dəqiqəyədək davam edən məşqdə yalnız zədəli Rəşad Sadıqov iştirak etməyib. Kapitan fizioterapevt nəzarətində müəyyən təmrinlər yerinə yetirib.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçını iyunun 23-də Ukrayna çempionu "Şaxtyor"la keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Bunadək isə Ağdam təmsilçisi səhər məşqinə çıxacaq.