
İran çempionluğunu vaxtından əvvəl təmin edən "Traktor" klubu son 2 oyunda daha bir nailiyyətə imza ata bilər.
Sportnet.az xəbər verir ki, Təbriz komandası bu qarşılaşmalardan qələbə ilə ayrılacağı təqdirdə, 70 xalla liqa rekordu müəyyənləşdirəcək.
Əvvəlki mövsümlərdə ən çox xalı "İstiqlal" və "Persepolis" hərəyə 68 xalla əldə edib. Hətta İran çempionatında 18 komanda olduğu vaxt çempion ən yaxşı halda 67 xalla kifayətlənib. Hazırda isə liqada 16 klub mübarizə aparır.
"Traktor" XXIX turda "Nəssaci"ni qəbul edəcək, XXX turda isə "İstiqlal Xuzestan"ın qonağı olacaq. Cənubi Azərbaycan komandası 28 turdan sonra 64 xala malikdirvə ikinci pillədə gedən "Sepahan"ı 8 xal üstələyir.
Qeyd edək ki, indiyədək İran Pro Liqasında 7 komanda - "Persepolis", "Sepahan", "İstiqlal Tehran", "Fulad", "Pas", "Saypa" və "İstiqlal Xuzestan" qızıl medal qazanıb. "Traktor" bu sevinci yaşayan 8-ci kollektivdir.