
"Maraqlı oyun alındı. Rəqibin son oyunlara final kimi yanaşdığını və elitada qalma şanslarının olduğunu bilirdik. Aqressiya və istəkləri görünürdü.
Ötən tur "Araz-Naxçıvan"a qarşı da pis oynamamışdılar".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Səbail" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, hesabda önə keçdikdən sonra epizodları dəyərləndirə bilməyiblər: "Hesabı 2:0 etsəydik, bəlkə də oyun bitəcəkdi. Amma qapımıza 11 metrlik cərimə zərbəsi ilə vurulan qoldan sonra psixoloji cəhətdən də üstünlük rəqibin tərəfində idi. Bu da normaldır. Sonda 1 xal qazandıq. Evdə oynayırdıq, azarkeşlərimiz də çox idi. İstərdik ki, 3 xal əldə edək, amma seriyamız davam edir".
Abbasovun fikrincə, bu stabilliyi ikinci dövrədə də göstərə bilsəydilər, hazırkı xalları 36 yox, daha fərqli olar və turnir cədvəlində başqa pillələr uğrunda mübarizə aparardılar: "Bu da normaldır.
Gənc komandayıq, ildən-ilə təcrübə gələcək. Demək olar ki, çempionatda ən böyük işimizin öhdəsindən gəlmişik. Bundan sonra futbolçular özlərini də fikirləşirlər, amma onların işlərinə peşəkar yanaşmaları məni sevindirir.
Son 3 oyunumuzu da keçirəcəyik, ardınca gələcək planlarımız üzərində düşünəcəyik".