
UEFA avrokubokların final oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" komandalarının üz-üzə gələcəyi matç rumıniyalı baş hakim İştvan Kovaça həvalə olunub.
Ona həmyerliləri Mihay Marika və Ferents Tunyogi yan xətt, portuqaliyalı Joao Pedro Silva Pinyeyro 4-cü hakim, Brunu Migel Alveş Jezuş əlavə köməkçi hakim qismində kömək edəcək. Niderlandlı Dennis Yohan Hiqler VAR hakimi, rumıniyalı Karalin Sorin Popa VAR hakiminin köməkçisi, niderlandrlı Paulus van Bökel VAR dəstəkçisi olacaq.
Avropa Liqasının(AL) finalında İngiltərənin “Mançester Yunayted” və “Tottenhem” komandaları arasında keçiriləcək final görüşünü almaniyalı Feliks Tsvayerin rəhbərlik etdiyi alman hakimlər briqadası idarə edəcək.
Tsvayerin köməkçiləri kimi həmyerliləri Robert Kempter və Kristian Dits çıxış edəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Mauritsio Mariani yerinə yetirəcək.
VAR sisteminə almaniyalı Bastian Dankert rəhbərlik edəcək, ona həmyerlisi Benjamin Brand kömək edəcək. İtaliyalı Daniele Bindoni əlavə köməkçi hakim, ispaniyalı Karlos del Serro Qrande VAR dəstəkçisi olacaq.
Tsvayer daha əvvəl Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-nin Fransada İngiltərə "Arsenal"ına 2:1 hesabı ilə qalib gəldiyi cavab görüşünü idarə edib.
UEFA Konfrans Liqasında İngiltərənin "Çelsi" və İspaniyanın "Betis" komandaları arasında təşkil olunacaq həlledici qarşılaşma isə Bosniya və Herseqovinadan olan İrfan Peltoya həvalə olunub.
Ona həmyerliləri Senad İbrişimbeqoviç və Davor Belo yan xətt hakimləri qismində kömək edəcəklər. Türkiyəli Halil Umut Meler 4-cü hakim, Kerem Erson referi köməkçisi funksiyasını yerinə yetirəcək. Fransalı Jerom Brisar VAR hakimi, Villi Delajo VAR hakiminin köməkçisi, italiyalı Marko di Bello VAR dəstəkçisi təyin edilib.
Xatırladaq ki, Avropa Liqasının finalı mayın 21-də İspaniyanın Bilbao, Konfrans Liqasının son oyunu mayın 28-də Polşanın Vrotslav, Çempionlar Liqasının həlledici görüşü mayın 31-də Almaniyanın Münhen şəhərində olacaq.