
Qazaxıstanın "Astana" klubunun baş məşqçisi Qriqori Babayan qalmaqallı açıqlama verib.
Sportnet.az "sports.kz" saytına istinadən xəbər verir ki, erməni mütəxəssis Premyer Liqanın 8-ci turunun "Tobol"la oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında klubda maliyyə böhranının olduğunu deyib.
"İlk yarını çox zəif keçirdik. Komanda çaşqın idi. Bu nəticəyə görə azarkeşlərdən üzr istəyirik. Amma bizim maliyyə problemimiz var, fondla görüşüb bu problemi həll etməliyik. Bu daha belə davam edə bilməz.
Futbolçuları motivasiya etmək üçün bundan əvvəl iki dəfə məşqləri dayandırmışam. Biz fondla görüşü gözləyirik və ümid edirik ki, bu problem tezliklə həllini tapacaq", - deyə Babayan söyləyib.
Paytaxt təmsilçisinin baş direktoru Kaysar Bekenov isə baş məşqçinin açıqlamasına cavab verib.
"Matçdan sonra baş məşqçi ilə şəxsən danışdım və izah etdim ki, bəlkə də o, uşaqlara və bizə kömək etmək istəyib, amma bunun əksi oldu. Bu xəbər nə fondun, nə də "Samruk"un xoşuna gəlmir; Bunu “qara piar”la müqayisə etmək olar”, – deyə Bekenov “Nursultan Qurman” "YouTube" kanalında bildirib.
Qeyd edək ki, Qriqori Babayan 2022-ci ildən "Astana"nın baş məşqçisidir.