
"Çatışmazlıq barədə danışsam, gərək bütün oyunları xatırlayım. Məncə, artıq gecdir".
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis autsayderə qarşı daha yaxşı oynamalarını meydana rahat çıxmaları ilə əlaqələndirib: "İlk oyunda yeni gəlmişdik, futbolçularda motivasiya fərqli idi. İndi də çox rahatçılıq var idi. Elə matçlar var idi ki, bundan da yaxşı oyunlar göstərmişdik. Elə son görüşlərə baxsaq, “Turan Tovuz”la qarşılaşmanı xatırlayıram.
Nə çatmırdı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə və analiz etməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyirik. Yeni mövsümdə daha fərqli komanda olmağa məcburuq".
O, kubokla çempionat arasında prioritet tutmadıqlarını söyləyib: "Kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyətini dərk edirik. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Belə şeylər yox idi.
Oyunları yadımıza salsaq, sadəcə, şanssızlıq oldu. Sonda şansımız kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da bunu çıxış yolu kimi görmüşdülər. “Sabah”la görüşə də yaxşı başladıq, imkanları qola çevirsəydik, finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik. Əfsuslar olsun ki, bizimkisi heç birində gətirmədi".