
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “Şüa” İdman Kompleksində keçirilən yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa mübarizədə qaliblər müəyyənləşib.
Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.
Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.
Qarışıq qoşa yarışlarda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına layiq görülüb.
Qeyd edək ki, yarışın ilk günlərində keçirilən komanda turnirində kişilərin mübarizəsi “Bakı-1” komandasının, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnmişdi. Fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, federasiyanın mükafatları təqdim olunub.