
Azərbaycan millisini Dünya Kubokunda təmsil edəcək kanoeçi Tatyana Smilovenko barədə maraqlı faktlar üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı legioner rfi.uk saytına müsahibəsində həyat hekayəsini nəql edib.
Smilovenko bildirib ki, 4 yaşında ikən kiçik qardaşı ilə birlikdə uşaqlar evinə verilib. Onun sözlərinə görə, daha 4 bacısı və qardaşını internata qoyublar. İki il sonra onların hamısını bir ailə öz himayəsinə götürüb. Lakin bir neçə ay sonra onlardan imtina olunub. Ardından uşaqları yerli məktəb müəllimi öz evinə götürməyə razılıq verib.
Smilevonko müsahibəsində 4 yaşı olan zaman gözü önündə atasının canına qıydığını və ondan sonrakıları xatırlamadağını dilə gətirib. O, uşaq evində olan xatirələrinin yaddaşından silindiyini bildirib.
İstedadlı idmançı böyük bacı və qardaşlarını iki il müddətində görmədiyini də əlavə edib. O, böyük bacısının sinif rəhbərinin bir gün ona yaxınlaşaraq "sənin anan olacağam" sözünü dediyini söyləyib: "Çox sevincli idim. Bu, mənim üçün şok olmuşdu".
Azərbaycan millisinin üzvü idmana 11 yaşında başladığını və məşqçisinin ona kanoeçi olmağı məsləhət gördüyünü deyib: "Dördüncü sinifdə olanda idmanla məşğul olmağa başladım. Həmişə dalaşqan olmuşam, hardasa qaçmağı, turnikdə asılmağı xoşlayırdım. Bir sözlə, aktivliyim idmançı üslubunda idi. Bir gün anam mənə idmana getməyi təklif etdi. Əvvəlcə kayakla məşğul olurdum. Üç ildən sonra başa düşdüm ki, bu, mənə maraqlı gəlmir və heç bir nəticəm də yoxdur. Sonra məşqçim özümü kanoedə sınamağımı təklif etdi. Onun özü də kanoeçidir, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Təbii ki, razılaşdım və deyəsən, kanoe sürməyə başladıqdan bir ay sonra ilk yarışımda üçüncü yeri tutdum. Mənim üçün çox gözlənilməz və xoş oldu. Sonra bu idmana bağlandım. Bir ildən sonra mən artıq Ukrayna çempionu olmuşdum".
O, Rusiyanın Ukraynaya hücum etdiyi zaman Türkiyədə təlim-məşq toplanışında olduğunu, daha sonra Rumıniyada üç ay qaldıqlarını bildirib: "Qarşımda seçim var idi: Rumıniya uğrunda yarışmaq, yəni qaçqın olub bu ölkədə avarçəkməyə davam etmək. Amma mənim üçün bu, çətin olardı. Evdən uzaq, yad ölkə, xarici dil. Ona görə də Ukraynaya qayıtdım".
Smilovenko bəzi ukraynalı idmançıların Rumıniya adından yarışmağa razılıq verdiyini əlavə edib.
Kanoeçi Ukraynada ilk dəfə həyəcan siqnalını eşidəndə nə edəcəyini bilmədiyini deyib. O, Kiyev yaxınlığındakı Obuxov bazasında qaldığı zaman orada işıq və su da olmadığını dilə gətirib.
Smilovenko Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara, xüsusən də Olimpiadaya buraxılması ehtimalını dəstəkləmədiyini və hər iki ölkənin terrorçu olduğunu bildirib.
O, xarici idmançılar tərəfindən hər zaman dəstəkləndiklərini və öz yardımlarını təklif etdiklərini söyləyib.
Smilovenko idmanda özünü tapdığını əlavə edib: "Özümə inamım artdı və insanlarla ünsiyyət qurmaq mənim üçün asanlaşdı".