
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov "Sabah" komandasının futbolçusu Xəyal Əliyevin U-21 yığmasında qırmızı vərəqə almasına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis gənc hücumçunun Şotlandiya yığmasına qarşı Avropa çempionatının seçmə qrup matçında bilərəkdən meydandan qovulacaq davranış sərgiləməsinə dair iddiaları təkzib edib.
O bildirib ki, Əliyevin Cəbəllütariqə qarşı səfər matçına yollanmamaq, əvəzinə əsas milliyə çağırılmaqdan ötrü belə addım atması inandırıcı deyil: "Çox yaxşı epizodu elə yerlərə yozuruq ki... Hərdən oturub fikirləşirəm ki, niyə futbolçularımıza dəstək olmuruq, onların yalnız mənfi xüsusiyyətlərini düşünürük? Niyə demirik ki, Xəyal Əliyev 2 oyunda U-21-ə 2 xal qazandırıb? Mən milliyə gələndə onu U-21-ə göndərdim. Hər kəs gözləyirdi ki, Xəyal U-21-in oyununa hazırlaşmayacaq. Ötən seçmə tsikllərdə olub ki, əsas millidən U-21-ə yollananlar matça ciddi yanaşmayıblar. Lakin Əliyev Bolqarıstanla matçın ən yaxşılarından idi, Şotlandiyanın qapısına 2 qol vurdu. Yəni, Xəyal bu qədərmi düşündü ki, Cəbəllütariqlə növbəti oyuna yollanmamaqdan ötrü qırmızı vərəqə alsın və əvəzində əsas komandanın heyətində yer alsın"?
Abbasov jurnalistləri neqativ ovqatda köklənməkdə günahlandırıb: "Şəxsən özüm belə şeyləri fikirləşmirəm. Çox sağ olun ki, siz dərindən fikirləşirsiniz. Açığı, çox mənfi düşüncədəsiniz. Təəssüf! Bilərəkdən belə müzakirələr aparırlar. Gəlin, real danışaq: Xəyal potensiallı futbolçularımızdandır. Lakin əlbəttə, onun qırmızı vərəqə almasını yaxşı qarşılamıram".
Baş məşqçinin fikrincə, lüzumsuz yerə qırmızı vərəqə alan futbolçuların mental düşüncə problemi var: "Özlərini meydançada aparmağın gərəkliyini futbolçularımıza aşılamalıyıq. Bu gün Abdullahi Şuaybunun "Şamaxı"nın heyətində "Kəpəz"ə qarşı görüşdə qırmızı vərəqə alması da onun mental zəifliyinin nəticəsi idi. Belə xüsusiyyətlər böyük oyunlara hazır olmalarından ötrü futbolçularda yüksək olmalıdır. Eyni hal Xəyala da aiddir. O, dərindən fikirləşmir. Lakin rəqib oyunun sonlarında bərabərlik qolunu vurduqdan sonra bizim ehtiyat oyunçular skamyasının qarşısında jestlər edəndə futbolçularımızın beyni çönür. Lakin onu "sənin sarı vərəqən var" deyə sakitləşdirmək lazım idi. Bu gün öz qapıçımız Rikardu Fernandeşi nəzarətdə saxlayırdıq ki, 3 sarı vərəqəsi var, dördüncüsünü alsa, növbəti oyunu buraxacaq. Meydanda adrenalin qalxanda futbolçular özlərinə nəzarəti itirirlər".
Qeyd edək ki, Azərbaycan yığması 9 oyunçu ilə qalan Şotlandiyaya qalib gələ bilməyib. Şotlandiya 10 oyunçu ilə bərabərlik qolunu vurub - 3:3. Qarşılaşmanın ardından futbolçular arasında dava düşüb. Azərbaycan millisinin 2 qolunu vuran Xəyal Əliyev münaqişə zamanı ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.