
"Qarabağ"ın futbolçusu Kamilo Duran "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, kolumbiyalı legioner əvvəlcə oyunu dəyərləndirib, daha sonra İspaniyada "Atletik Bilbao"ya qarşı keçirəcəkləri Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçı barədə fikirlərini bölüşüb:
– Birinci hissəyə çox pis başladıq və bunun nəticəsi olaraq həmin hissəni məğlub başa vurduq. Rəqibə də haqq vermək lazımdır — onlar güclü və çətin rəqib idilər. İkinci hissədə vəziyyəti dəyişmək məqsədilə meydana çıxdıq və istəyimizə çatdıq. Hesabdakı rəqəmi dəyişmək bizim üçün çox vacib idi və nəticədə 3 xal qazandıq.
- Özünüzü hansı mövqedə daha rahat hiss edirsiniz?
– Baş məşqçi məni hansı mövqedə oynatsa, komandama daha çox fayda vermək üçün əlimdən gələni edəcəyəm. Fərqi yoxdur — istər yarımmüdafiəçi, istər cinah müdafiəçisi, istərsə də hücumçu mövqeyində olum.
- "Atletik"lə oyundan gözləntiləriniz nədir?
– Rəqib haqqında əlavə şərhə ehtiyac yoxdur. Güclü komandadır, biz bunu bilirik. Lakin oraya məqsədimizə çatmaq, yəni 3 xal üçün gedəcəyik.
- Rəqibi təhlil etmisinizmi və onların zəif cəhətlərini bilirsiniz?
– Hələ bu oyuna hazırlaşırdıq, təbii ki, analiz edəcəyik. Vaxtımız var və məqsədimiz 3 xal qazanmaqdır.
- "Atletik"dən tanıdığınız oyunçu varmı?
– Yeganə tanıdığım oyunçular Niko Uilyams və qardaşı İnyaki Uilyamsdır.
Aliya ƏLƏSGƏROVA