
Fransa millisinin kapitanı Kilian Mbappe İslandiyaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçı üçün Reykyavikə yollanmayacaq.
Sportnet.az-ın Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, səbəb 27 yaşlı hücumçunun Azərbaycanla qarşılaşmada ayaq biləyindən zədələnməsidir.
Mbappenin İspaniya "Real Madrid"inin sərəncamına qayıdacağı və onun əvəzinə yığmaya heç bir futbolçunun çağırılmayacağı bildirilib.
Qeyd edək ki, Kilian Mbappe oktybarın 10-da Azərbaycan millisinə 3:0 hesabı ilə qalib gəldikləri matçın 45+2-ci dəqiqəsində ilk qolu vurub və 69-cu dəqiqədə Adrien Rabyoya məhsuldar ötürmə verib. O, 84-cü dəqiqədə zədələnərək, Florian Tovenlə əvəzlənib. Toven isə elə həmin dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Mbappe seçmə mərhələdəki 3 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.