
Azərbaycan milli komandasının qapıçısı Şahrudin Məhəmmədəliyev cəzalı duruma düşüb.
Sportnert.az-ın məlumatına görə, təcrübəli qolkiper hazırda davam edən Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçında ikinci sarı vərəqəni alıb.
O, 45+1-ci dəqiqədə kapitan Emin Mahmudova Ruslan Malinovskinin mərkəzdə kobud oyunundan sonra özünü hadisə yerinə çatdırıb. Avstriyalı baş hakim Sebastyan Gismayer Malinovskiyə və qapıçı meydançasını tərk etdiyi üçün Məhəmmədəliyevə sarı vərəqə göstərib.
Azərbaycan millisinin qapıçısı ilk sarı vərəqəni də elə Ukrayna ilə Bakıdakı oyunda alıb. Məhəmmədəliyev sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçın 90+5-ci dəqiqəsində cəzalanıb. Həmin matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bugünkü qarşılaşmada da komandalar fasiləyə eyni hesabla çıxıblar.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 13-də "Neftçi Arena"da İslandiyaya qarşı keçirəcək. Şahrudin Məhəmmədəliyev məhz bu oyunu avtomatik buraxacaq.