
"Kapitanımız Vüqar Mustafayev karyerasını bitirdi, onu təbrik edirəm. Ən yaxşılarını ona arzu edirəm, o, hər şeyin ən yaxşısına layiqdir".
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın məşqçisi Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis hələlik özünü məşqçi hesab etmədiyini söyləyib: "Çünki bunu desək, illərdir məşqçilik edənlərə hörmətsizlik olar. Məşqçi olmağım üçün hələ neçə illər var. Futbolçular sağ olsun, çıxıb oynadılar. Yaxşı nəticə ilə azarkeşlərə hədiyyə etmək istəyirdilər. Amma alınmadı".
O, məşqçilik peşəsini çətin olduğunu bildirib: "Bu, elə sahədir ki, tam başqadır. Çox çətindir. Futbol oynamağa nə var? Məşqçilikdə bütün kollektivə cavabdeh olmalısan. Buna böyük təcrübə lazımdır. Gecə-gündüz öz üzərində çalışmalısan. Gələcəkdə qismət olarsa, nə yaxşı. Olmazsa da, təbii ki başqa sahəyə yönələcəyik".
Hüseynov komandadan istefaya göndərilən Vaqif Cavadova uğurlar arzulayıb: "Məşqçilik işi belədir. Bir gün varsan, bir gün yox. Komandada heç kim onun ayrılmasını istəməzdi. Futbolçular peşəkardır. Onlar üzərlərinə düşəni edərək meydana çıxıb oynadılar".