
Azərbaycan ilk dəfə olaraq nüfuzlu KWU SENSHI turnirində qalib gəlib.
Sportnet.az xəbər verir ki, Surət Qarayev 95 kq çəki dərəcəsində çıxış edərək birinci raundda rəqibini məğlub edib və Azərbaycana qələbə qazandırıb.
Qarayev Bolqarıstanın qədim Plovdiv şəhərində təşkil olunan nüfuzlu “Gladiator 26” turnirində Azərbaycan Karate Federasiyasının baş katibi və KWU SENSHI-nin Azərbaycan üzrə rəsmi nümayəndəsi Qabil Sayadovun rəhbərliyi altında mübarizə aparıb.
Bu məkanda təxminən 2000 il əvvəl qədim Roma İmperiyasında əsl gladiator döyüşləri baş verib. “Gladiator” adı da təsadüfi seçilməyib. Bu tarixi döyüş meydanında müasir dövrün döyüşçüləri öz gücünü sınayır və iradəsini ortaya qoyurlar.
Qeyd edək ki, SENSHI yarışlarında hər bir qələbə üçün 2.500 avro, finaldakı qalibiyyət üçün (qala gecəsi) isə 20.000 avro mükafat təqdim olunur.