
“Karyeramda ilk dəfə avrokuboklara vəsiqə qazandım. Bu, mənim üçün böyük uğurdur”.
Bunu Sportnet.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirdikləri oyundan sonra deyib.
31 yaşlı yarımmüdafiəçi klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanması ilə bağlı sevincini bölüşüb: “Çox ağır səfərə gəlmişdik. Son oyunlarda nəticələr istədiyimiz kimi olmadığı üçün, komandanın üzərində təzyiq vardı. Həddindən artıq məsuliyyətli oyun idi. Əsas odur, istədiyimiz qələbəni qazandıq.
Buna görə çox qürurlu, sevincliyəm. Komandamız bu il çox çətinliklərdən keçdi. Nəzərə alsaq, on nəfərdən çox futbolçu zədə aldı, bəziləri əməliyyat olundu. Onun fonunda bu gün komanda yeni nailiyyət qazandı. Elmar müəllim həmişə bizə inanır. Biz də özümüzə inanırdıq. Hələ komanda yeni toplananda - Ərzurumda olarkən deyirdik ki, bu komandanın ən üstün cəhəti xarakterdir. Bu gün o xarakter sayəsində istədiyimiz yerə çatdıq”.
Abdullayev Konfrans Liqasında da tarix yazmağı hədəflədiklərini bildirib: “Yəüin ki, klub rəhbərliyi heyətdə müəyyən dəyişikliklər edəcək. Biz də hazırlaşacağıq. Hər oyunun öz hökmü var. Biz də ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Yeni tarix yazmağa, tarixin bir parçası olmağa çalışacağıq.
Futbolçu karyerasında bu, çox önəmli amildir”.
Kapitan Naxçıvana yollanaraq qələbəni doğma azarkeşlərlə qeyd etmək fikrindən də söz açıb: “Bizim oyunumuza Naxçıvanda canlı baxırdılar. Bu oyuna görə şəhərdə böyük izdiham vardı. Klub rəhbəri Zaur Axundov bizimlə danışmışdı, bunu əvvəldən bilirdik. Bizim də borcumuz idi ki, azarkeşləri sevindirək, Naxçıvanı ilk dəfə Avropada yaxşı təmsil edək. Ola bilsin ki, bu aralar Naxçıvanda hansısa yığıncaq təşkil edilsin. Tam dəqiq bilmirəm. Amma komanda olaraq toplaşmalıyıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” sona bir tur qalmış 58 xalla üçüncülüyü rəsmiləşdirib. Elmar Baxşıyevin komandasını dördüncü yerdə olan “Turan Tovuz”dan 6 xallıq fərq ayırır.
Haşım MƏMMƏDOV