Tahir Süleymanovun verilişdə səsləndirdiyi fikirlərdən bu məqam xüsusi diqqətimi çəkdi. Doğrudan da son vaxtlar çoxsaylı idman verilişlərində belə bir tendensiya yaranıb: Hansına baxırsan, jurnalist və işsiz ekspert.
Bəs klub rəsmiləri hardadır? Nəyə görə onlar kənara çəkilməli, klublarının problemlərini yalnız jurnalistlər və bəzi hallarda ekspertlər müzakirə etməlidir?
Komandaların baş məşqçiləri yalnız mətbuat konfranslarında danışır, futbolçularına yalnız oyunlardan sonra danışmağa icazə verilir, klubların ikinci-üçüncü dərəcəli rəsmiləri "mənlik deyil" deyərək, ictimaiyyət önünə çıxmaq istəmirlər.
Klub prezidentləri və ya İdarə Heyəti rəhbərlərindən Tahir Gözəl ilə Ehtiram Quliyevdən başqa kimin oyunlardan sonra media üçün brifinq keçirdiyini deyə bilərsiniz? Hələ Ehtiram Quliyev gəncdir, həvəslidir, verilişə də çıxır. Amma bir də gördünüz ki, o da çəkildi kənara.
Vaxtilə telekanallarımızda kimlər danışmırdılar? Onların qarşılarına da jurnalistlər çıxırdılar və aralarında əməlli-başlı debat, diskussiya gedirdi. İndi isə demək olar ki, yalnız jurnalistlər danışırlar.
Azərbaycan futbolunun problemləri yığılıb-qalıb jurnalistlərin boynunda, çiyinlərində. Demək olar ki, bütün mətbuat konfranslarını sonadək dinləyirəm. Bir çoxu hətta 20 dəqiqəyədək davam edir. İnanın, həmkarlarımın verdikləri suallardan hiss olunur ki, Azərbaycan futbolunun, klublarının irəli getməsini necə də istəyirlər. Hətta klubların, cavabdeh qurumun özündən çox istəyirlər!
Amma kimdir onların qədrini bilən? Danışanda biri deyir ki, qərəzlidir, o biri deyir ki, filan klubdan asılılığı olduğuna görədir, bir başqası da fikirləşir ki, umacağı var, ona görə belə danışır.
Klub rəhbərləri də qat-qat artığını qazanıb bundan geninə-boluna zövq alırlar.
Yaxşı ki, Tahir Süleymanov "orda ofsayd idi", yaxud "penalti yox idi" kimi dərinliklərə, hətta avantüralara getmədi. Çünki bilir ki, konkret "Araz-Naxçıvan" - "Qarabağ" oyununda hakim səhvlərini qabartmaqda məqsəd "Araz-Naxçıvan"a can yandırmaq deyil, "Finala niyə "Qarabağ" çıxdı"dır.
Amma Tahir Süleymanovla bir məsələdə razı deyiləm: Klublar son 10 ildə yox, son 2-3 ildə dəyişib. Hərəsinə 3 milyon manat əlavə dotasiya verilməyə başlayandan sonra...
Gələn mövsümdən yarım milyonlarını kəsirlər, görək dinib-danışacaqlarmı?
Bombardirlər: Bəhruz Teymurov ("Karvan), Emil Qasımov ("Karvan"), Domi Massumo ("Qəbələ") - hər üçü 12, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 10 qol.