
"Konfrans Liqasına vəsiqə qazanmağımız Naxçıvan adına sevindiricidir. Rəhbərliyimizi təbrik edirəm. Bizə inandılar, bizə güvəndilər".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gələrək, tarixlərində ilk dəfə avrokuboklara vəsiqə qazandıqları Azərbaycan Premyer Liqasının XXXV tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis oyunun ağır alındığını bildirib: "Komanda şəklində bizi nə gözlədiyini bilirdik. Ümumilikdə, futbolçularımız bu gün mövsüm ərzində istədiyim oyunu sərgilədilər. Düşünürəm ki, komanda kimi daha yaxşı ola bilərik".
"Konfrans Liqası barədə indi nə isə danışmağım tez olar. Gələcəklə bağlı yaxın günlərdə rəhbərliklə görüş olacaq. Orada bütün planları müzakirə edəcəyik", - deyə Baxşıyev əlavə edib.
O, özü və komandanın əksər futbolçularının müqaviləsinin bitdiyini xatırladıb: "Bura gəldiyim vaxt rəhbərliklə görüşümdə məni daha çox komandanın inkişaf layihəsi maraqlandırırdı. Bilirdik ki, "Araz-Naxçıvan" yeni komandadır, Premyer Liqada ikinci mövsüm iştirak edəcək. Onlar nəticə istəyirdilər, biz isə daha çox nəticənin qazanılması üçün addımlar atırdıq. Hər şey mümkündür, işim rəhbərliyi qane etməyə də bilər. Ona da hazır olmaq lazımdır. Amma mən daha yaxşı, daha iddialı, daha özünəinamlı və daha güclü "Araz-Naxçıvan" görmək istəyirəm və gələcəkdə belə bir komanda formalaşdırmaq fikrimiz var. Yalnız İvan Ribeyronun müqaviləsi gələn mövsüm üçün də qüvvədədir. Kollektivin özəyinin saxlanılması və gücləndirilməsi istiqamətində danışığımız olacaq. İstəyimi və layihəmi qəbul etsələr, davam edəcəyəm".
Baxşıyevin sözlərinə görə, mövsümün gedişində ikinci yeri əldən verdiklərinə görə üzüntüləri olmayıb: "Futbolda hər şey plan üzrə getməyə bilər. Mövsüm ərzində 6-7 futbolçumuz zədəli və ya cəzalı duruma düşdü. Ona görə də sıxıntı yaşadıq. Daha güclü olmaqdan ötrü heyətimiz də geniş olmalıdır. Bu uğurun daha çox pay sahibi futbolçulardır. Siz oyunlarda görürsünüz, amma mövsüm ərzində də daha çox yük daşıyan onlar olurlar. Yaxşı xarakterə sahib kollektiv formalaşdırdıq. Hansı ki, çətinliklərə dözməyi bacarırdılar. Komanda yığmaq asandır, amma eyni fikirli insanları bir araya cəmləşdirmək hərdən alınır, hərdən yox. İndiki kollektivimiz möhkəmdir. Düşünürəm ki, bu komandaya gələcəkdə əlavələr edilsə, daha da yaxşı olacaq".
Baş məşqçi daha əvvəl çalışdığı "Qəbələ" barədə də danışıb: "Deyə bilərlər ki, orada işimiz uğurlu oldu, Azərbaycan Kubokuna sahib çıxdıq, ardıcıl iki mövsüm Konfrans Liqasında mübarizə apardıq. Amma "Qəbələ"də həm də uğursuz olmuşam, komandanın I Liqaya düşməsində özümün də "pay"ım olub. Ona görə də çox sağ olsunlar, mənə inanıb-güvəndilər. Düşünürəm ki, o inam olan yerdə baş məşqçi də iddiasını ortaya qoya bilir. Yeri gəlmişkən, media vasitəsilə də "Qəbələ"ni təbrik edirəm. Onların yeri elə Premyer Liqadır. İnşallah, meydanda rəqib olarıq".
O, "Araz-Naxçıvan"ın Naxçıvanda oynamasının özündən asılı olmadığını əlavə edib: "Mənlik olsa, bu dəqiqə komandanı götürüb Naxçıvana apararam. Amma bu, mənə aid sual deyil, daha çox rəhbərlik səviyyəsində həll olunmalı məsələdir. Əlbəttə, öz meydanımızda, öz şəhərimizdə oynasaq, daha çox üstünlük qazana bilərik. Ümid edirik ki, gələn mövsüm Naxçıvan camaatımızı oyunlarımızla sevindirə bilərik".