
"Layiqli qələbə qazandıq. reallaşdıra bilmədiyimiz bəzi epizodlarlarımız da oldu".
Sportnet.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
73 yaşlı mütəxəssis "kimyaçılar"la 1:2 hesabı ilə məğlub olduqları ötən oyunla bu günkü matçla fərqini açıqlayıb: "Fərq var, amma detallardadır. Bu barədə danışmaq istəmirəm, çünki bununla bağlı uzun danışmaq lazımdır".
O, komandasının əsas futbolçularının zədəli olmasına görə çətinlik çəkdiklərini söyləyib: "Denis Marandiçi, Roderik Şəhriyar Əliyev və Joarlem Santosun zədələnməsi bizə çətinlik yaratdı. Bir müdafiəçi sıradan çıxanda onu əvəzləmək olur, amma üçü birdən zədələnirsə, bu, çətindir. Yeni transferlərin də uyğunlaşması bir az zaman aldı. Yeni ilə qədər ciddi səhvlərimiz olmamışdı. Amma zədələrdən sonra səhvlər yaranmağa başladı".
Baş məşqçi "Turan Tovuz"un mövsümü 4-cü bitirməsini şərh edib: "Mövsümün əvvəlində mənə deyilsə idi mövsümü 4-cü pillədə bitirəcəyik, bununla razılaşardım. Amma çempionatın gedişinə əsasən daha da yaxşı ola bilərdi. Buna görə də nəticədən qane deyiləm. Zədələr bizə çox təsir etdi".
Berdıyev əvvəllər baş məşqçisi olduğu Vladimir Qranatın onun "Spartak Moskva"ya keçməli olmalı ilə bağlı açıqlamasına reaksiya verib: "Keçmiş futbolçularım mənimlə bağlı müsbət fikirlər səsləndirirlər, onlara təşəkkür edirəm. Amma hər hansı klubla konkret danışıqlarım yoxdur".