
"İlk növbədə, futbolçularımı təbrik edir, azarkeşlərə təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXV tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis çox xoş gün yaşadıqlarını bildirib: "Çox faydalı, keyfiyyətli oyun oldu. Çempionluğu bir neçə tur əvvəl rəsmiləşdirsək də, sanki bu gün daha çox hiss etdik. Çünki komandam haqq etdiyi medallara bu gün qovuşacaq. Ona görə də bizim üçün çox xoş gündür".
O, müdafiənin sol cinahında Nəriman Axundzadənin oynama səbəbini açıqlayıb: "Rotasiya etmişdik deyə oyunun ilk 10-15 dəqiqəsində bir az anlaşılmazlıq oldu. Yaxşı və keyfiyyətli hücumlarımız alındı. 6-7 milli oyunçulara istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanmalıdırlar. Həm azərbaycanlılar, həm də legionerlər var. Sistemdə də bir az dəyişiklik etmişdim. Nərimana sol cinah hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq".
Baş məşqçi hər zaman bacarıqlı yerli futbolçulara şans verdiyini söyləyib: "İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev barədə məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur: legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, onların meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlar bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. Avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Çünki onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik".
Qurbanov qış transfer pəncərəsində Braziliya "Flamenqo"suna satılan Juninyonun icarəyə götürəcəkləri ilə bağlı sualı belə cavablandırıb: "Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun "Flamenqo"da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda əlaqə qurmuşduq. Oyunlarını izləyirəm. "Flamenqo" böyük klubdur. Juninyo ilə danışığımız olmayıb".
O, cari mövsümün ən yaddaqalan anı barədə söz açıb: "Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimiz uğursuz sayılır, çox fikirlər deyilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Digər tərəfdən xeyli rotasiyalar etdik və digər futbolçular da çempionluq üçün iş gördülər".
Baş məşqçi icarədə olan futbolçuların kluba dönməsi ilə bağlı danışıb: "Bu barədə futbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək".
Qurbanov çempionatın səviyyəsinin artdığını vurğulayıb: "Liqanın səviyyəsinin endiyini heç vaxt düşünməmişik. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinliklər var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydanlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa. Yerli məşqçilər nə qədər inkişaf edib. Bunu oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda yaxalayırlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini".
Təcrübəli mütəxəssis "Qarabağ"ın illik hesabatında baş sponsor "Azersun Holding"dən ödəmələrin göstərilməməsinə belə reaksiya verib: "Orada elə görünür. Amma ümumən gələn pullar hamısı "Azərsun"un və klubun pullarıdır. Oradan 10 yox, 5 milyon gəlirsə, onu sponsordan götürə biləcəyik. Lazım olduqca, büdcədən götürürük. Hər il belə olmur. Təkcə Avropadan gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca, sponsorlarla dil tapacağıq".