
“Futbolçu yoxdursa, həll edə bilərsən, amma meydan yoxdursa, heç bir yolla həll edə bilməzsən. “Neftçi” və “Qarabağ”a təşəkkür edirəm ki, qapılarını bizə açdılar və ilboyu məşqlərimizi onların təlim-məşq bazalarında keçirdik”.
Sportnet.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Sabah” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis gərgin qarşılaşmanı belə şərh edib: “Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Meydanda yaxşı oyun göstərdilər, istəkli və hərəkətli idilər. Baxmayaraq ki, nəticəni təmin etmişik, oyuna tam gücümüzlə hazırlaşmış, tam heyətlə çıxmışdıq. Bu gün nəticədən çox oyun vacib idi.
İkinci hissədə istədiyim, gözlədiyim və tələb etdiyim oyunu gördüm. Daha çox üstün tərəf biz idik. Bəli, rəqibin də təhlükəli hücumları vardı. Birinci hissədə topa nəzarət rəqibdə idi. Ümumən yaxşı, səmərəli 90 dəqiqə keçirdik. Futbolçularımdan razıyam.
Göstərdikləri əzmkarlığa və oyun nizam-intizamına görə, onlara təşəkkür edirəm”.
Sadıqov komandası ikinci yeri tutduqdan sonra avrokuboklar üçün nəzərdə tutduğu transferlərdən danışıb: “Bütün komandaların müqaviləri bitən futbolçularını nəzarətdə saxlayırıq.
Seleksiya planlarımızda elə futbolçular var. Danışıqlar olacaq. Hanslsa komandadan transfer edək deyə, bir hədəfimiz yoxdur. Futbolçunu bəyənək və həmin mövqe boş olsun. Bəyəndiyimiz futbolçular çoxdur, amma çox mövqeyə transfer etməyi planlaşdırmırıq. Hansı mövqelərə ehtiyac varsa, ora uyğun, müqaviləsi bitən oyunçulara baxırıq. Həmin oyunçuları mütləq komandamızda görmək istərdik”.
Mütəxəssis paytaxtda məşq meydançaları sarıdan problemi özlərinin də yaşadıqlarını vurğulayıb: "Bakı koamndaları hərəsi bir yolla problemi həll etməyə çalışırdı. Bizim də təlim-məşq toplanışı keçirməyə toplaşdığımız otel Suraxanı bazasına yaxındır. Xahiş etdik, bizə şərait yaratdılar. Bir çox məşqi “Neftçi”nin meydanında etdik. Əminəm ki, əksinə olsaydı, biz də eynisini edərdik. Çünki meydansız heç bir yol tapmaq olmaz. Ciddi problemdir. Ümidvaram ki, növbəti mövsüm bu problem həllini tapacaq. Biz də istəyirik ki, öz bazamız olsun, infrastruktur daha yaxşı səviyyəyə qalxsın. Amma çətin və böyük maddiyyat tələb edən məsələdir. Çalışacağıq ki, növbəti illərdə bunu həll edək. Komanda üçün yer alınıb.
Orada böyük baza inşa etməyi planlaşdırırıq. Amma buna böyük vəsait lazımdır. Rəhbərlik onu həll etməyə çalışacaq və düşünürəm ki, həlllini tapacaq”.
Sadıqov Azərbaycan Kubokunun finalında kimə azarkeşlik edəcəyi barədə sualı belə cavablandırıb: “Bizim yerimizə kim olsa, Avropa Liqasına getmək istəyər. Amma digər tərəfdən “Sabah”ın, “Neftçi”nin də avrokuboklarda iştirak etməsini istəyirəm.
“Araz-Naxçıvan” və “Turan Tovuz” da avrokuboklarda çıxş etməyə layiqdirlər. Bu il layiqli komandaların sayı çoxdur. Lakin hansısa komanda kənarda qalacaq. Mən ilk növbədə, gözəl futbola azatkeşlik edəcəyəm. Aydın məsələdir ki, kim mənim yerimdə olsa, Avropa Liqasına getmək istəyər.
Əsas da səbəb bir uduzmaq limitin var, necə ki, keçən mövsüm səmərəli şəkildə ondan istifadə etdik. Digər tərəfdən, “Sabah”ın avrokuboklarda iştirak etməsini çox istəyirəm".
Baş məşqçi mövsümün sonunda başa çatacaq müqaviləsinin yenilənməsi istiqamətində heç bir danışığın olmadığını da vurğulayıb: "Açığı, rəhbərlik nə qədər istəyirsə, komandada o qədər olacam.
Bu komandaya gəlməyim rəhbərliyin istəyidir, onların qərarıdır. Biz hazırda növbəti mövsüm üçün müəyyən planlar var ki, onları müzakirə etməmişik. Yaxın günlərdə o barədə toplantımız olacaq və hər şeyi orada ətraflı şəkildə götür-qoy edəcəyik. Burada qalmağımı istədikdən sonra o məsələ müzakirə olunmur”.