
Rusiyanın I Liqasında çıxış edən “Sokol” klubunun futbolçusu Aleksandr Tsiberkin danışılmış oyun təşkil etmək üçün pul aldığını etiraf edib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu barədə videoçarx paylaşıb.
"Mən, Tsiberkin Aleksandr, 2021-ci ilin noyabrında dostum Antondan müəyyən bir matç üçün 800.000 rubl (17329 manat) aldım. Lakin məlumat sızdığı üçün öhdəlikləri yerinə yetirə bilmədim. Aldığım pulu şəxsi ehtiyaclarıma xərclədim. Bunu mərc üçün borclu olduğum başqa bir şəxsə verdim. Hazırda özümü yaxşı hiss edirəm, adekvat vəziyyətdəyəm”, - deyə Tsiberkin söyləyib.
Mayın 29-da Rusiya Futbol İttifaqı Tsiberkini istənilən futbol fəaliyyətindən 10 il müddətinə uzaqlaşdırıb. O, danışılmış oyun təşkil etməkdə, həmçinin mərc etməkdə günahlandırılıb.
Tsiberkin 2022/23 mövsümünün əvvəlində danışılmış matç təşkil edəcəyinə söz verib.
Qeyd edək ki, "Sokol" I Liqada mübarizə aparır. Komandada danışılmış oyunda iştirak şübhəsi ilə "Şamaxı"dan qovulmuş Giorgi Kantariya da çıxış edir.