
“Sabah” klubu tarixində ilk dəfə futbol üzrə Azərbaycan Kubokunun qalibi olub.
Sportnet.az xəbər verir ki, Masazır təmsilçisi həlledici oyunda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşü baş hakim İnqilab Məmmədov idarə edib.
Final matçında hesabı “bayquşlar”ın hücumçusu Pavol Şafranko açıb. O, 36-cı dəqiqədən penaltidən fərqlənib.
7 dəqiqə sonra isə nominal ev sahibi komandanın müdafiəçisi Toral Bayramov 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk hissəyə əlavə edilmiş ikinci dəqiqədə Kadi Borgesin qolu ilə hesabı bərabərləşdirib.
57-ci dəqiqədə Şafrankonun yerinə yetirdiyi penaltidən sonra qapıçı Mateuş Koxalski zərbəni dəf edib.
68-cı dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal topu öz qapısına göndərib.
90+6-cı dəqiqədə Kahim Parris hesabda tarazlıq yaradıb.
Bununla da əlavə vaxt oynanılıb.
120-ci dəqiqədə Tellür Mütəllimov “Sabah”ın qələbə qolunu vurub.
Qeyd edək ki, “Qarabağ” cari mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub.
-------------------------------
Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, mövsümün son matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Qarşılaşma UEFA Avropa Liqasına vəsiqənin taleyinə aydınlıq gətirmək baxımından önəmlidir.
Artıq 12 qat çempionluq əldə etmiş "Qarabağ" qələbə qazanacağı təqdirdə, mövsümü "qızıl dubl"la başa vuracaq. Ağdam komandası həm də 9-cu dəfə ölkə kubokuna sahib çıxacaq. Bu halda, Premyer Liqanı ikinci pillədə başa vurmuş "Zirə" Avropa Liqasına, 4-cü pillənin sahibi "Turan Tovuz" Konfrans Liqasına yollanacaq.
İlk dəfə finalda çıxış edən "Sabah" isə Azərbaycan Kubokunu qazansa, Avropa Liqasına vəsiqəyə yiyələnəcək. Nəticədə "Zirə" Konfrans Liqasına vəsiqə qazanacaq, "Turan Tovuz" isə avrokuboklardan kənarda qalacaq.
Bugünkü görüşlə bağlı daha bir ilk isə matçın yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk dəfə təşkilidir. Ümumilikdə isə bu arena üçüncü dəfə finala ev sahibliyi edəcək. Peşəkar Futbol Liqası oyunun yüksək səviyyədə keçirilməsi üçün səfərbər olub. Qarşılaşmadan əvvəl "Dervish Band"ın ifasında konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, görüş saat 19:00-da başlanacaq:
Azərbaycan Kuboku
FİNAL
31 may (şənbə)
19:00. “Qarabağ” – “Sabah” - 2:3 (ƏLAVƏ VAXT - 0:1)
Qollar: Kadi Borges, 45+2. Con İrasabal, 68 (öz qapısına) - Pavol Şafranko, 36 (pen.). Kahim Parris, 90+6. Tellur Mütəllimov, 120
İstifadə olunmamış penalti: Toral Bayramov, 44 - Pavol Şafranko, 57
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.