
"Rəqibi təbrik edirəm. Neçə illərdir qurduqları yaxşı işin bəhrəsini gördülər. Onlara Avropa Liqasında uğurlar arzulayıram".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında “Sabah”a əlavə vaxtda 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda möhtəşəm atmosferin hökm sürdüyünü bildirib.
O, heyətdəki bəzi futbolçuların həm Avropa Liqasında, həm Premyer Liqada, həm də milli komandalarda çox oynadığını xatırladıb: "Bu il gərgin keçən mövsüm oldu. Uğursuzluq olanda futbolçuları kökləmək çətin olur. Amma finaladək irəliləməyi bacardılar. Bu gün kuboku qazanmaq "Sabah"ın qismətində idi".
Qurbanov oyun zamanı aqressivliyi ilə seçilən Yassin Benzia barədə də danışıb: "Belə oyunlarda aqressivlik olur. Onu başa düşürəm. O qədər irad bildirildi ki, Benzia məğlub olmaq istəmirdi. Etməsəydi, yaxşı olardı. İl o qədər gərgin keçdi ki, futbolçuları idarə etmək üçün çoxlu danışıqlar apardı. Oyunun gedişində də futbolçular aqressivləşə bilər. Onunla hələ yeni müqavilə şərtlərində razılaşmamışıq. Konkret bir şey yoxdur. Təklifimizi etmişik, cavabını gözləyirik".
Baş məşqçi hakimlik barədə də danışıb: "Belə oyunları idarə etmək hakimlər üçün elə də asan deyil. Sadəcə, İnqilab Məmmədov illərin təcrübəsini göstərdi. Oyunu çox ağıllı idarə etdi".
Qurbanov CBC Sport-a müsahibəsində isə Məmmədovun idarəçiliyindən narazılığını bildirib: "Son illərdə gördüyüm ən bərbad hakimlik idi".