
Hazırda Çinin "Şanxay Şenxua" komandasına rəhbərlik edən Leonid Slutski "Qarabağ" və "Sabah" arasında keçirilmiş Azərbaycan Kubokunun final matçını izləyib.
Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis mayın 31-də Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" komandalarının üz-üzə gəldiyi həlledici qarşılaşmaya baxmaq üçün Almaniyan Münhen şəhərindəki "Allianz Arena"ya daxil olarkən də gözünü telefondan çəkməyib.
"Hazırda mən "Qarabağ" - "Sabah" oyununa baxıram. 117-ci dəqiqədir, hesab 2:2-dir. Çox güman ki, hər şey penaltiyə doğru gedir. "Sabah"da Vasili Berezutski çalışır. Ona görə çox həyəcanlıyam. Barmaqlarımı ondan ötrü telefona sıxmışam", - deyə o bildirib.
Qeyd edək ki, Vasili Berezutski "Sabah"ın baş məşqçisi olanadək Leonid Slutskinin köməkçisi kimi çalışıb. Azərbaycan Kubokunun finalında "Sabah" əlavə vaxtın sonunda - 120-ci dəqiqədə Tellur Mütəllimovun vurduğu qolla 3:2 hesablı qələbə qazanıb.
Bu, "Sabah"ın və baş məşqçi kimi Berezutskinin ilk titulu olub.
Çempionlar Liqasının finalında da 5 qol vurulub. PSJ "İnter"ə böyük hesabla qalib gəlib - 5:0.