
"Çox gözəl dünya çempionatı oldu, hər şey möhtəşəm idi".
Bunu Sportnet.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Davud Kərimi Bakıda keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.
41 yaşlı qolkiper dünya çempionatının startı ərəfəsində yığma karyerasını bitirməsini Azərbaycan Minifutbol Federasiyasının (AMF) istəyi ilə əlaqələndirib: "Xeyirlisi nə idisə, o da oldu. Millidə oynamaq üçün təklif gözləyirdim, amma olmadı, sonra AMF-dən belə bir müraciət gəldi. Mən də mundial Bakıda keçirildiyinə görə milli karyeramı bitirmək qərarına gəldim. Amma dünya çempionu olaraq bitirmək möhtəşəm olardı.
Klubumda çıxışımı davam etdirirəm. "Birbaşa"nın heyətində Çempionlar Liqasında iştirak edəcəyik".
O, Azərbaycan yığmasının dünya çempionu olmasında baş məşqçi amilini xüsusi qabardıb: "Bütün oyunları düzgün analiz edən, heyət üzvlərinə istirahət verərək oynadan Elşad Quliyevin əməyi çox böyükdür. Bu, bizim dünya çempionatında qalib olmağımızda mühüm rol oynadı".
Kərimi millinin AVRO-2022-dəki çempion komanda ilə indiki heyətini də müqayisə edib: "Sadəcə, çempionluğun məkanı dəyişib. Son oyunlarda indiki uşaqlar da son damlaya kimi döyüşdülər və nəticə qazandılar".