
Azərbaycan milli komandasının futbolçusu Rövlan Muradov karyerasını “Neftçi”də davam etdirməyə yaxındır.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisini məhz bu məqsədlə tərk edib.
O, keçmiş baş məşqçisi Samir Abasov yenidən birgə çalışmaq imkanını dəyərləndirmək üzrədir. Hazırda danışıqlar tamamlanma mərhələsindədir.
Muradov Sportnet.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Təcrübəli futbolçu “Sumqayıt”dan “Neftçi”yə keçmək üçün ayrılmısınız?” sualına belə cavab verib: “Müqaviləm bitdi, mən də davam etmək fikrində deyildim. Uzatmadım. Gələcək klubumla bağlı isə hələ heç nə dəqiq bilinmir”.
Yığmanın futbolçusu hələ yekun razılığının əldə olunmadığını deyib: “Bu işlərlə atam məşğul olur. Hələ heç bir şey bəlli deyil”.
Muradov "Sumqayıt"ın sabiq baş məşqçisi Vaqif Cavadovun ona az şans verməsinin səbəbləri barədə isə ümumiyyətlə danışmaq istəməyib: "Olanlar artıq keçmişdə qaldı. Önümə baxmalıyam".
Qeyd edək ki, Rövlan Muradov bu mövsüm "Sumqayıt"ın heyətində bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.