
"Düşünürəm ki, təlim-məşq toplanışı bizim üçün vacib olacaq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassine Benzia "Al-Ain" nəşrinə açıqlamasında Əlcəzair milli komandasına yenidən dəvət almasını şərh edərkən deyib.
31 yaşlı yarımmüdafiəçi yığmaya çağırılmasından məmnun olduğunu bildirib: "Düşünürəm ki, millinin baş məşqçisi Vladimir Petkoviç qarşıdakı iki oyundan istifadə edərək hamıya şans verəcək və bizi gözləyən növbəti sınaqlara hazırlıq üçün bəzi eksperimentlər aparacaq. Düzdür, qarşıdakı iki oyun yoldaşlıq görüşüdür, amma bizim üçün bu, komandanı gücləndirmək və səviyyəmizi yüksəltmək baxımından əla fürsətdir".
O, keçiriləcək hər iki oyunda qələbə istəyində olduqlarını söyləyib: “Hər dəfə olduğu kimi meydana qələbə üçün çıxacağıq. Həm Ruanda, həm də İsveçə qalib gəlmək niyyətindəyik. Konstantina şəhərində keçiriləcək ilk matçda böyük izdiham gözləyirik".
Bu dəvət Benzia üçün həlledici rol oynayır. O, gənc futbolçu İbrahim Maza ilə eyni mövqedə oynadığı üçün təzyiq altında olacaq.
Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisi ilə keçirdiyi 14 oyunda 5 qol müəllifi olub.