
Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov "Sabah"ın baş məşqçisi Vasili Berezutskini Moskva MOİK-inə təklif edib.
Sportnet.az xəbər verir ki, 62 yaşlı mütəxəssis "Sport Ekspress"ə açıqlamasında Ordu komandasının hazırki baş məşqçisi Marko Nikoliçin mümkün əvəzediciləri barədə danışıb.
Çerçesov Nikoliçin əvəzinə üç baş məşqçini namizəd görüb - Aleksey və Vasili Berezutski qardaşları, həmçinin Sergey İqnaşeviç.
"Qırmızı-göylər”in hazırda nəzərdən keçirdiyi məşqçilər siyahısında Çerçesovun özü də var.
"Əvvəla, demək istəyirəm ki, Nikoliçin ayrılması təəssüf doğurur, Marko yaxşı mövsüm keçirdi, ölkə kubokunu və çempionatın bürünc medallarını qazandı. Hansısa siyahıda olmağım barədə heç nə bilmirəm, amma ilk olaraq, özümü daxil etməzdim. Burada komandanın öz adamları - Berezutski qardaşları və Sergey İqnaşeviç var. Klubla UEFA kuboku və Premyer Liqanın qızıl medallarını qazanan bu futbolçulardan birinin baş məşqçi təyin olunması məntiqli görünərdi", - deyə Çerçesov bildirib.
Qeyd edək ki, Vasili Berezutski ötən ilin noyabrından "Sabah"ın sükanı arxasındadır. O, Masazır təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb.