
“Rəqib çox səviyyəli komandadır. Oyunumuz alınmadı. Əks-hücumlarda daha yaxşı olmaq istəyirdik. Oyunun sonunda çalışdıq rəqibi qapısına doğru sıxaq. Momentlərimiz var idi, amma vura bilmədik. Onlar bizdən daha yaxşı idilər və qələbəyə də layiq idilər”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov evdə Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçi komandalar arasında səviyyə fərqinin olduğunu bildirib:“Bizdə Dominik Soboslai kimi futbolçu yoxdur. O, yerindən 50 metr məsafəyə pas verə bilən oyunçudur. Buna görə də çətin idi. Çalışmağımız lazımdır”.
O, matçın sonunda epizodlarının olduğunu söyləyib: “Heç-heçə də edə bilərdik. Qapıya zərbələrdə fərqin olduğunu bilirəm”.
Millinin kapitanı komandasının qələbəsizlik seriyasını şərh edib: “Daha yaxşı oynaya bilərik. Bir ildir qələbə qazana bilmədyimizi başa düşürəm. Azarkeşlər də qələbə gözləyir”.
Mahmudov yığmanın baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi ilə bağlı məlumatının olmadığını söyləyib: “Onun qalıb-qalmayacağını bilmirəm. Bizim işimiz daha yaxşı oynamaqdır”.