
“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk futbolçu transferini gerçəkləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki,
Bar Koen 2025-2026-cı illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.
Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Koen buna qədər yalnız İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” klublarında çıxış edən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib.
Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.