
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Xorvatiya “Hayduk”unun əsas müdafiəçisi Filip Uremoviç iyulun 24-də keçiriləcək ilk oyunu buraxacaq.
Sportnet.az xəbər verir ki, səbəb 28 yaşlı xorvatiyalı futbolçunun cəzalı durumda olmasıdır.
O, 2024-cü il avqustun 15-də Slovakiya “Rujomberok”una qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşünün 90+9-cu dəqiqəsində qırmızı vərəqə alıb. Uremoviç italiyalı baş hakim Luka Payretronun qərarlarına davamlı etiraz etdiyi və əsəbi davranışlara yol verdiyi üçün meydandan kənarlaşdırılıb.
Səfərdən qolsuz bərabərliklə qayıtmış “Hayduk” cavab görüşündə Zvonimir Şarlianın avtoqolu nəticəsində “Polyud” stadionunda 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bu nəticə Split klubu üçün son illərin ən gözlənilməz uğursuzluqlarından biri kimi dəyərləndirilir.
Uremoviç isə 1 oyunluq diskvalifikasiya ilə üzləşib. O, cəzasını Bakıdakı ilk oyunda çəkəcək və iyulun 31-də cavab görüşündə meydana çıxa biləcək.
Qeyd edək ki, Filip Uremoviç ötən mövsüm “Hayduk”un müdafiə xəttində aparıcı oyunçulardan olub. O, 33 matçda iştirak edib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib, 11 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.