
"Əslində, bizim səbətdə zəif komanda demək olar ki, yox idi. Hər biri güclü idi və nəticədə bizə də güclü komanda düşdü".
Bunu Sportnet.az-a açıqlamasında "Araz-Naxçıvan" klubunun futbolçusu Ülvi İsgəndərov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
27 yaşlı hücumçu hələlik Yunanıstanın "Aris" komandası barədə ətraflı məlumatlarının olmadığını bildirib: "Çünki püşk yeni atılıb və qarşılaşacağımız komanda indi bəlli olub. Hazırkı mərhələdə əsas diqqətimizi özümüzə yönəltməliyik – komandanın tam formalaşması, gələcək legionerlərin qısa müddətdə uyğunlaşmaları və məşqçilər korpusunun bizə verəcəyi təlimatlara əsasən hazırlıq prosesi bu baxımdan həlledici olacaq. Rəqibin necə oynadığını, bizə qarşı hansı taktika ilə çıxış edə biləcəyini komanda tam yığılandan sonra daha dəqiq təhlil etmək mümkün olacaq".
İsgəndərlinin sözlərinə görə, ilk mərhələdə əsas məqsəd oyuna yaxşı hazırlaşıb növbəti mərhələyə vəsiqə qazanmaqdır: "Şəxsi fikrimə gəlincə, ən azı bir-iki mərhələ keçmək istəyirik. Bu, həm bizim üçün, həm də klubun inkişafı baxımından əhəmiyyətlidir".
O, yeni transferlərin komandaya uyğunlaşmalarının da vacibliyinə diqqət çəkib: "Əlbəttə, qarşıdakı dövrdə yaxşı hazırlaşmalıyıq. Komandaya yeni qoşulacaq oyunçuların adaptasiyası çox vacibdir. Biz, mövcud heyət olaraq, onların tez bir zamanda uyğunlaşmaları üçün əlimizdən gələni etməliyik. Bu mərhələdə bütün oyunçuların birgə səyləri vacibdir ki, hər kəs komandanın uğuru üçün maksimum töhfə verə bilsin".
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.