
“Buraların havası, təbiəti çox xoşuma gəldi. Doğrudan da sakit yerlərdir”.
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ" klubunun portuqaliyalı futbolçusu Leandro Andrade deyib.
26 yaşlı yarımmüdafiəçi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və təşəbbüsü, klubun dəstəyi ilə işğaldan azad olunmuş bölgələrə baş tutan səfər barədə müsbət fikirlər dilə gətirib: “Bura gəlmək mənim üçün çox xoşdur. Çünki burada işləyənlərlə danışmışam, söhbətim olub. Ona görə, hər şey xoşdur”.
O, komandanın təlim-məşq toplanışından da söz açıb: “Hazırlıqlarımız yaxşı davam edir. Komandada yüksək ab-hava var. Əhval-ruhiyyənin yüksək olmasını bütün futbolçuların simasında hiss etmək mümkündür. Şəxsən özümü çox yaxşı hiss edirəm. Ümid edirəm ki, uğurlu mövsüm keçirəcəyik”.
Andrade Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblər - Şimali İrlandiyanın "Linfild" və İrlandiyanın "Şelburn" komandaları ilə bağlı fikirlərini də bölüşüb: “İstənilən halda, iki komanda ilə qarşılaşacağıq. Ən güclüsü ilə oynayacağıq, mənim üçün də maraqlıdır. Heç vaxt İrlandiyada olmamışam. Fərq etmir, İrlandiya və ya Şimali İrlandiya klubu olsun, ayrı futbol oynayan ölkələrdir”.