
İngiltərə millisinin sabiq kapitanı və "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Pol İns içkili halda avtomobil idarə etdiyi üçün həbs olunub.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı veteran futbolçu Britaniyanın Çeşir qraflığında qəza törədib.
Onun idarə etdiyi "Range Rover" yolayırıcı səddə çırpılıb. İnsə qarşı içkili halda maşın sürmə ittihamı irəli sürülüb. O, girov müqabilində azadlığa buraxılıb və iyulun 18-də məhkəmədə cavab verəcək.
Qeyd edək ki, Pol İns İngiltərə millisində 53 oyuna 2 qol vurub. Klub səviyyəsində isə o, "Vest Hem", "Mançester Yunayted", "Liverpul", "Midlsbro", "Vulverhempton" və İtaliya "İnter"ində 600-dən çox oyun keçirib. 2006-cı ildə məşqçilik karyerasına başlamış İnsin son iş yeri 2023-cü ildə tərk etdiyi "Redinq" olub.