
"İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Eyni zamanda, azarkeşlərə, bu möhtəşəm ab-havanı yaradanlara təşəkkür edirəm. Təəssüf ki, evimizdəki oyunda uduzduq, azarkeşlər məyus ayrıldılar. İstədiklərimizi həyata keçirə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə Sloveniya "Tsele"sinə 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, nəticədən dərs çıxararaq, növbəti oyunlarda daha yaxşı oynamaq lazımdır: "Çox yaxşı rəqibə qarşı çıxış etdik. Onlar barədə çox az məlumata malik idik. Cəmi bir yoxlama oyunu keçirmişdilər. Eyni oyun üslubuna sadiq qalıblar. Hər iki komanda müxtəlif ev tapşırıqlarına malik idi. Rəqibin ortadan oyunu cinahlara yayaraq, asmalar edəcəyini bilirdik. Biz də bunun qarşısını almağa çalışırdıq".
O komandasının rəqibə təzyiq etməsinin müsbət, sonluğu gətirə bilməmələrinin mənfi məqam olduğunu vurğulayıb: "Onların əks-hücumlarda daha yaxşı olduğunu bilir, müdafiə xətlərinin arxasına keçməyə çalışırdıq. Qol fürsətlərimiz də oldu. Lakin son ötürmələrimizdə dəqiq deyildik. İkinci hissədə nəzarət bəzən bizə, bəzən rəqibə keçirdi. Lakin mövsüm irəlilədikcə çalışacağıq ki, sürətə nəzarət edək. Futbolçularım əllərindən gələni etdilər. Lakin tələskənlik xeyrimizə olmadı".
Dambrauskas döyüşü uduzduqlarını, amma müharibəni uduzmadığını da əlavə edib: "Futbolçularımın oyunu çevirəcək keyfiyyəti var. Sloveniyada əlimizdən gələni edəcəyik ki, nəticəni öz xeyirmizə çevirə bilək".
Baş məşqçi Azərbaycanı təmsil etdiklərini, bu səbəbdən, "Sabah"ın futbolçularına hörmət etməyi məsləhət görüb. O, rəqib həmkarı Albert Rieranın "Tsele"ni daha güclü hesab etməsi fikrinə də münasibət bildirib: "Bəzən meydanda istədiklərini etməyə bilərsən. Mübahisə etmək istəməzdim.
İlk oyunda qalibiyyətin yetərli olmadığı hallar da olur. Gəlin, cavab görüşündən sonra nələrsə deyək.
48 yaşlı mütəxəssis qol buraxmağın planlara daxil olmadığını, hər iki komandanın əlindən gələni etdiyini bildirib: "Buraxdığımız hər 3 qolda səhvlərimiz var. Amma kifayət qədər epizodumuz da oldu. Oyunçumuzun qapı tirinə tuş gələn zərbəsini xatırlayıram. Səfər görüşü asan olmayacaq. Öz oyun planımıza sadiq qalaraq, qarşılaşmaya hazırlaşacağıq".
Dambrauskas oxşar geyim formaları ilə bağlı rəqib həmkarı Albert Rieranın iradına isə belə reaksiya verib: "Bu suala cavab vermək çətindir, oyunçulardan soruşmaq lazımdır. Biz ev komandasıyıq, ikinci geyim forması rəqibdə olmalı idi. Oyun günündən əvvəl iclaslar olur və geyimlə bağlı qərarlar verir. UEFA-nın qayda-qanununa uyğun hərəkət etmək lazımdır".
Onun fikrincə, komandası ilk yarıda üstünlüyü ilə fərqləndiyini, lakin fasilədən sonra topa rəqibin daha çox nəzarət etdiyini diqqətə çatdırıb: "İkinci qolu buraxdıqdan sonra hücuma atılaraq, yenidən fərqlənmək istəyirdik. Hücum futbolu anlayışına da fərqli yanaşmaq lazımdır. Qollar önəmlidir, amma baxır necə vurursan. Bu gün biz daha çox dominant olmağa çalışırdıq. Rəqibdən daha çox üstün idik. Lakin üçüncü zonada dəqiqliyimiz çalışmırdı".
Baş məşqçi matçda qırılma nöqtəsinin qaçırılan epizodlarla bağlı olduğuna dair fikirlərə belə reaksiya verib: "Çoxlu qol fürsətlərindən yararlana bilmədik, tempə nəzarət edən tərəf biz idik. Təlim-məşq toplanışından sonra komandamız 100 faiz hazır deyildi. Uzatma dəqiqələrində buraxdığımız qol üzücüdür. Qırılma nöqtəsini üçüncü qolda görürəm".
Dambrauskas standart vəziyyətlərdən fərqlənmələrinə baxmayaraq, rəqibin əks-hücumlardan qol buraxmalarına imkan verməmələrinin gərəkliyini vurğulayıb. O, nəticənin neqativ olduğunu, məhz belə məqamlarda komandasını tanıdığını söyləyib. Baş məşqçi seleksiya işlərinin davam edəcəyini bildirib: "Amma əlimdəki futbolçulara mümkün qədər şans verməyə çalışacağam. Hazırda ağlımda "Tsele"dir. İnanıram ki, öz oyun üslubumuzu quracağıq".
Təcrübəli mütəxəssis baş hakim Daniyar Saxinin qazaxıstanlı olmasına dair irad bildirən rəqib həmkarı Albert Rieraya cavab verməsinin çətin olduğunu söyləyib: "Bu, daha çox UEFA-ya aid sualdır. Hakimlərə haradan olmasına baxmayaraq, hörmət edirəm. Düşünürəm ki, bu gün yaxşı hakimlik oldu".
O, müdafiə xəttindəki problemlərin uzun müddətdir həllini tapmadığına dair məsələyə də münasibət bildirib: "Keçmiş baş məşqçilərə təşəkkür edirəm. Onların hər birinin öz oyun üslubu olub. Vasili Berezutski Azərbaycan Kubokunu qazanmasaydı, biz Avropa Liqasında olmazdıq. Yəqin ki, indi çempionata hazırlaşırdıq. Hər bir baş məşqçi öz ideyaları ilə gəlir. Bugünkü ilk "11-lik"də 4 müdafiəçi yer almışdı. Biz öz oyunçularımıza daha çox inanmalıyıq, onlara vaxt verməliyik. Hazırkı rəqibimizin ötən mövsüm Konfrans Liqasında 1/4 finaladək irəliləyən və böyük büdcəli komandalara qarşı oynayan klub olduğunu unutmayaq. Avrokuboklardakı oyunlardan daha çox dərslər çıxarır, təcrübə çıxarırlar. Görək gələcəkdə nələr olacaq".