
"Real pullar qazanmaq üçün Liqa mərhələsinə qədər yüksəlməliyik. Futbolçularıma demişəm ki, bu, bizim hədəfimizdir".
Sportnet.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq İrlandiya "Şelburn"unun baş məşqçisi Con O Brayen Şimali İrlandiya "Linfild"ini üstələdikləri (1:1, 1:0) I raundun cavab görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis "Linfild"i keçməklə kifayətlənmək niyyətində olmadıqlarını söyləyib: "Biz istəmirik ki, bu qələbə Avropa xatirəmiz olsun. Təsnifatları keçərək liqa mərhələsinə yüksəlməklə tarixə düşmək istəyirik".
Ötən mövsüm İrlandiyanın "Şemrok Rovers" klubu UEFA Konfrans Liqasında 1/16 finaladək yüksəlib. O Brayen bu nailiyyətin "Şelburn" üçün də qapı açdığı bildirib: "Klubumuzdakı insanlar pul xatirinə çalışmırlar. Onlar arxa planda dəlicəsinə sevdikləri işlə məşğuldurlar. Bu gecə sadəcə möhtəşəm idi. Belə gecələr uzun müddət yaddaşlarda qalır. Geri boylanaraq karyeramızda nəzər salanda çempionat matçlarını nadir hallarda xatırlayırsınız. Əvəzində Avropa oyunları daim yaddaşlarda qalır".
Bu qələbə sayəsində "Şelburn" klubu ən azı UEFA Konfrans Liqasının pley-off mərhələsini və 1,7 milyon avro mükafatı təmin edib.
Qeyd edək ki, "Qarabağ" "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə iyulun 30-da evdə keçirəcək.