
"Futbolçular yaxşı mənada bizi sevindirirdilər. Ümid edirəm ki, yaxşı oyunlarımızdan birini keçirəcəyik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə Xorvatiya "Hayduk"una qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
O, matça yaxşı hazırlaşa bilmədiklərini söyləyib: "Bizim üçün avrokubok mövsümü başlayır. Oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm. Əla olmasa da, normal səviyyədə hazırlaşmışıq.
Düşünürəm ki, sabah bizi maraqlı və gərgin oyun gözləyir. Əlimzdən gələni edəcəyik ki, rəqib üzərində üstünlük yarada bilək. Azarkeşlərdən tribunaları doldurmalarını istəyərdim. Onlara ehtiyacımız var. Mərhələni adlamağı çox istəyirik".
Salifu Suma və Rafael Utziqin heyətdə yer almamasına baxmayaraq, 43 yaşlı mütəxəssisin sözlərinə görə, komandası çətinlikləri sevir: "Suma bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı.
Onun oyunlarını izləyəcəyik, yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə çəkmək istəmirəm. Tam olaraq rəsmiləşəndən sonra hər kəs biləcək Utziq isə komandamız istirahətdən qayıtdıqdan sonra düşərgəyə qoşulmadı. Ona hələ ki, 4 həftə əvəzedici komandada məşq etmək cəzası vermişik və müəyyən məbləğdə pul cəriməsi alıb. Belə futbolçunu komandamda görmürəm. Utziqə bəzi klublardan təkliflər gəlmişdi. Lakin həmin təkliflər bizi qane etmədi. Bizim komanda çətinlikləri sevir. Futbolçular da başa düşür ki, çətinliklərə sinə gərdikdə qələbələr daha gözəl olur. Bunun üçün inanıram ki, əlimizdən gələni edəcəyik".
Sadıqovun fikrincə, vacib məsələ futbolçunun keyfiyyəti, işimə yanaşmasıdır: "Bəzən transferlərimiz mətbuatda çox tənqid olundu. Keçmişə baxsaq, çox nadirən ideal futbolçu transfer etmişik. Hər klubun öz gücü var. Rəhbərliyimizə təşəkkür edirəm, çalışdığımız qədər imkanlar daxilində transferlər etməyə çalışmışıq. İstərdik ki, ideal transferlər edək. Rəhbərliyi çox yaxşı tanıyıram. Hər zaman bəyənilən, seçilən transferlər etmişik. Uzunmüddətli transferlər etməyə çalışırıq. Düşünürəm ki, yaxşı tranaferlər etməyə davam edəcəyik".
Baş məşqçi matçın keçiriləcəyi 8-ci km stadionunu (“Neftçi Arena”) hər zaman özünə doğma hesab etdiyini vurğulayıb: "Burada oynamaq mənim də təklifim idi. Rəhbərliklərinə təşəkkür edirəm, isti hava, növbəti mövsüm hazırlıqlarına baxmayaraq, bizə şərait yaratdılar. Ümid edirəm ki, bu stadionda uğurlu nəticə əldə edəcəyik. Bu stadionu sevdiyimizdən, burada yaxşı nəticə göstərə bilərik".
Sadıqov Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin "Zirə" haqqında fikirlərinə də reaksiya verib: "Yurçeviç qabardıb ki, "Zirə"də 15 legioner çıxış edir. Bir yerdə də qeyd edib ki, futbolçular yaxşə məvacib, qonorarlar alırlar. Bu, heç də düzgün deyil. Elədirsə, öz məvacibindən də danışsın, Azərbaycanda nə qədər qazanırdı. Yaxşı olardı ki, özü milli komandada işləyəndə nə qədər legioner oynatdığını desin. Açığı, heç xoş olmadı. Azərbaycanda işlətmisən, bəlkə də karyeranda heç vaxt görmədiyin dəyəri burada görmüsən. Bizim futbolçular haqq etdiyindən daha az qonorar alır. Ümid edirəm ki, bundan sonra açıqlamalarına diqqət edər".