
“Avrokubok mövsümü başlayır. Artıq rəqabət aparmağa hazırıq".
Sportnet.az xəbər verir ki, bunu Xorvatiya "Hayduk"unun baş məşqçisi Qonsalo Qarsiya Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis güclü rəqiblərdən birinə qarşı mübarizə aparacaqlarını söyləyib: "Azərbaycanı da çox bəyəndik. Sabahki oyunda uğurlu nəticə əldə etmək istəyirik”.
İspaniyalı baş məşqçi özündən fərqli olaraq, rəqib həmkarı Rəşad Sadıqovun 5 ildir "Zirə"nin sükanı arxasında olmasını müsbət amil adlandırıb: "Komanda nə istədiyini bilir. Klub artıq planlı şəkildə işləyir. Ötən mövsüm də Konfrans Liqasında mərhələ keçdilər. Biz də yeni olsaq belə, meydanda öz gücümüzü göstərməyə çalışacağıq".
Qarsiya şansları bərabər saydığını diqqətə çatdırıb: “Deyərdim ki, şanslar 50/50-dir. Rəqib xüsusən müdafiədə yaxşı çıxış edir. Bizdə gənc oyunçular var. Sabah bizi maraqlı oyun gözləyir. Əlbəttə, İvan Rakitiç kimi bir oyunçunun meydanda olması çox yaxşı olardı. Uzun illərdir yaxşı çıxış edir. Sabah bizə digər aspektdən dəstək olacaq. Amma ümumi olaraq, Rakitiç kimi futbolçunun olmaması böyük itkidir".
O, “Zirə”də xüsusi fərqləndirə biləcəyi oyunçunun olmadığını da vurğulayıb: "Junior Martins, Giorgi Papunaşvili keyfiyyətli oyunçulardır. Amma rəqibi hansısa oyunçuya görə izləmirik, yəni, ümumi komandaya görə təhlil aparırıq. “Zirə”də yaxşı futbolçular var".
Öz komandasına gəlincə, Qarsiya hücumameylli oyuna üstünlük verdiklərini söyləyib: "Təbii ki, “Hayduk” əvvəl də yaxşı çıxış edib. Məndən istənilən daha aqressiv, rəqibə təsir edilməsi və s. amilləri vəhdətə gətirməkdir. Bəlkə də 15 ildir ki, komandamız avrokuboklarda yaxşı çıxış etmir. Artıq sıfırdan başlayırıq. Keçmiş keçmişdə qaldı. Əlbəttə, bütün heyətin burada olması daha yaxşı olardı. Yaxşı komandalar belə hallarda daha gözəl çıxış etməlidirlər. Müdafiəçilərdən çoxu iştirak etmir. Amma əlimzidə olan futbolçularla yaxşı oyun qurmağa çalışacağıq".